“Neftçi”də uğursuz gedişat davam edir. Artıq mövsümün yarısı bitmək üzrədir və hələ də meydanda komanda yoxdur. Adrian Mutunun oyun planı bəlli deyil/gözə çarpmır. Rumıniyalının qısa vaxtda ciddi işlər görəcəyi gözlənilmirdi. Ancaq mövsümün yarısında durum bundan daha yaxşı olmalıdı idi. Artıq cari mövsüm üçün çempionluqdan söhbət gedə bilməz. Azarkeş qarışıq rəhbərlik də bunu qəbul edib.
“Neftçi”də əsas məqsəd avrokuboklara vəsiqə qazanmaq olacaq. Mövcud büdcə ilə köklənməli hədəf olmasa da, indiki vəziyyətdə reallıq belə gətirib. Baş məşqçinin performansı kifayət qədər müzakirə mövzusudur. Elə lap əvvəldən bir qrup ondan ümidli deyildi. Çoxluq yaxşı büdcə ilə qısa vaxtda Mutunun nəsə göstərəcəyinə ümid edirdisə, az saylı bir qisim israrla mövsüm sonuna qədər səbr edilməli qənaətindəydi. Hələllik birinci qrup haqlı çıxır. Gedişat ikinciləri əsəbləşdirib, üçüncüləri isə şübhəyə salıb. Hazırda “Neftçi”də konkret nəsə yoxdur. “Ağ-qaralar”da iki rəng bir-birindən seçilmir. Çətin suallar klubun ətrafını bürüyüb, cavablandırmaq da asan deyil.
İndiki vəziyyətdə tənqidi fikirlər daha çox baş məşqçiyə yönəlir. Bu, yanlış deyil, amma yetərsizdi. Hər halda hazırkı rəhbərliyin dəyişməli olduğunu iddia etmək də qeyri-ciddi yanaşma olar. Çünki yeni gəliblər – daha doğrusu hələ oturuşmayıblar və futbolun ab-havasını yaxalama çalışırlar. Bu, zamanla düzələcək durumdur. Yaxşı zənnlə yanaşanda. Hə, bu müddətdə nə qəqər səhvlər edəcəkləri isə artıq klub rəhbərliyinin zəka səviyyəsindən asılıdır. Ya geridə qalanlardan dərs alınacaq, ya da zəncirvari xəta halqaları ipə düzülə-düzülə gedəcək.
Təkcə baş məşqçiyə tənqidlərin yetərsizliyini vurğuladım. Çünki meydanın içində məsuliyyəti üzərinə götürməli olan futbolçular da var. Birincisi, elə kapitanın özü – Emin Mahmudov. Hələ mövsümün əvvəlində naz-qəmzə ilə müqaviləsinin uzadılma prossesini yaxından izlədik. Hətta Mahmudovun rəhbərlikdən çempionluğa oynayacaq heyətin qurulmasını istədiyi iddia edilirdi. Bəs özü? Özünün də çempionluq hədəfi olub? Bu mövsüm kapitan meydanda hansı işi görüb, hansı bir oyunda komandasını xilas edib?
O, hazırda “Neftçi”ni meydanda ən yaxşı hazırlamalı, heyətin lideri kimi yükün altına girməlidir. Uğursuz nəticələrin ardından stadionun çölündə mətbuatdan qaçıb gizlənməyini başa düşürük. Hərçənd bu durumda sinəsini qabağa verən elə liderlər olmalıdır. Deyək ki, bunu hələ başa düşməyib və ya danışmağı sevmir. Bəs meydanda niyə gizlənir? Oynamağı da sevmir? Yəni Azərbaycan Premyer Liqasında belə geridə qalan 14 turun 3-4-də fərqlilik yarada bilmirsə, ona xüsusi edən nədir? Ehtiyatda qalanda baş məşqçi tənqid edildi. Açığı, Eminin cari mövsüm davamlı “11-liy”də olması bəlkə də xətadır. Nümunə kimi ona Rəhman Əliyevin performansı göstərmək olar.
Əlbəttə, gedişatdakı tək problem Emin deyil. Amma hər kəs yaxasını bir kənara çəkəndə uduzan “Neftçi” olur. Rəhbərlik, baş məşqçi hazırkı durumundan nə qədər məsuldursa, küncdə-bucaqda gizlənənlər, xəlvəti kənara duranlar da o qədər günahkardır. Sarğı kapitanlıq edilmək üçün taxılır! O sarğılı qol nə vaxtsa kubok qaldıracağı kimi, çətin günlərdə problemlərə sədd olmağı da bacarmalıdır.
Həsən Quluzadə