30 Sentyabr 2024
Ölkə futbolu

Nəriman Axundzadə: “Qollarımın sayı artacaq”

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə İdmanxeber.az saytına müsahibə verib. Gənc futbolçu cari mövsüm ilk qolunu vurmasından və gələcək hədəfləri barədə söz açıb

– “Sabah” oyununda vacib qələbə qazandınız və mövsümdə ilk qolunu vurdun. Görüşü necə şərh edirsən?

Çox əla oyun idi. “Sabah” güclü komandadı. Onlarla oyun asan olmur. Belə matçlar həmişə maraqlı, gərgin keçir. Bu cür oyunlar tez-tez olsa, daha yaxşı olar. Azarkeşlər üçün də maraqlı idi. Bəli, mövsümdə ilk qolumu vurdum. Əslində oyunların hamısında çıxış etmişəm. Sadəcə performansım bir az zəifləyib. Amma getdikcə bunu düzədəcəm. Qollarımın sayı artacaq.

– “Tottenhem”lə görüşdə oynamadın. Komanda çox saylı imkanlardan yararlana bilmədi. Səncə, meydanda olsaydın, qol vura bilərdin?

Mən oynamasam da, komanda var gücü ilə çıxış etdi. Çoxlu sayda qol imkanlarımız oldu. Heyif ki, dəyərləndirə bilmədik. Futbolda olur belə şeylər. Bəzən heç cür alınmır. Qismət. Özünüz də bilirsiniz ki, oyundan əvvəl komanda tıxacda qaldı. Az da olsa, çıxışımıza təsir etdi. Yolda oturaq vəziyyətdə uzun müddət qaldıq. Amma bunu da bəhanə etmirik. Qol vurub-vurmayacağıma gəlincə, onu dəqiq deyə bilmərəm. Meydanda olmadan danışmaq doğru olmaz.

– “Braqa”ya vurduğun qoldan sonra “Qarabağ” mərhələ keçdi, tarix yazıldı və bir anda ulduz oldun. Bəzən gənc futbolçuların “ulduz xəstəliyi”nə tutulması problemə çevrilir. Sənə qarşı da belə fikirlər var idi. Nə deyə bilərsən bu barədə? 

Mənim üçün unudulmaz oyun idi. İlk matçda səfərdə yaxşı fürsətdən istifadə edə bilməmişdim. Amma cavab oyununda qol vurmağı bacardım. Tarixi anlar idi. Amma artıq o qol geridə qaldı, irəliyə baxmaq lazımdı. Orada qalsam inkişaf edə bilmərəm. “Ulduz xəstəliyi” fikri ilə razı deyiləm. Sadəcə elə hadisələrdən sonra adamda rahatlıq oluq. Məncə, bu normal haldı. Amma yenə deyirəm, bütün bunlar geridə qaldı. İrəliyə baxmaq lazımdı. Qurban Qurbanov da həmişə bunları deyir. Daimi diqqətimizin məşqlərdə olmasını tələb edir. Səviyyəmizin artması üçün bunlar vacibdi.

– Yayda adın bir neçə klubla hallanırdı. Hətta ərəblərdən sənə təklif olduğu yazılırdı. Bunlar nə dəcərəcə doğru idi?

Hazırda “Qarabağ”dayamsa, bütün fikrim bu klubdadır. Mən də oxuyurdum, çox xəbərlər yayılırdı. Belə şeylər futbolçuların fikrini dağıdır. Ona görə çox diqqət etməməyə çalışıram. Əlbəttə hədəflərim var. Bütün futbolçular kimi Avropada oynamaq istəyirəm. “Top 5” liqalarında çıxış etmək arzumdu. Ümid edirəm alınar. Hər şeyin öz vaxtı var. 

– Son vaxtlar azərbaycanlı futbolçularda sanki penalti problemi yaranıb. Ramillə sən millidə, Toral da “Tottenhem”lə görüşdə penaltidən yararlana bilmədi. Bu səbəbdən də çox tənqid olundunuz. Bu barədə nə deyə bilərsən?

Belə hallar dünya futbolunda da olur. Normal yanaşmaq lazımdı. Penaltini vura bilməyəndə futbol bitmir. Deməli, gələn səfər daha yaxşısını etmək lazımdır. Tənqidlərə normal yanaşıram. Hər kəsin öz şəxsi fikir var. Amma dəstək olanda futbolçular daha da ruhlanır, daha yaxşı çıxış edir. 

– Komandanın əsas qol silahı Juninyodur. Onun ardından Musa Qurbanlı da var. Səncə, onlarla rəqabətə girib avrokuboklarda forma şansı qazana biləcəksən?

Juninyo çox məhsuldar futbolçudur. Musa da həmçinin. Mən oynamaq üçün əlimdən gələni edirəm. Çalışıram ki, məşqlərdə daha yaxşı olum, özümü fərqli göstərim. Matçlarda daha çox qol vurmaq, assist etmək istəyirəm. Oyundan-oyuna inanıram ki, daha yaxşı olacaq. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43