Misli Premyer Liqasının 31-ci turunda “Qarabağ” “Zirə” ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib -2:2. Oyunun ardından “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov görüş barədə fikirlərini bildirib:
“Maraqlı və həyəcanlı görüşün şahidi olduq. Bir tərəfdən, heç-heçəyə görə sevinirik, digər tərəfdən isə 3-cü qolu vura bilmədiyimiz üçün üzülürük.
Futbolçularıma meydanda etdiklərinə görə minnətdaram. Bu cür geridönüş etmək üçün böyük ürək lazımdır. Bu amil bizi sevindirir.
Belə matçlarda bunu etmək asan deyil. Bəlkə bir az daha şanslı olsaydıq, qol vurardıq. Hesab edirəm ki, nəticə kifayət qədər ədalətlidir. Rəqib üçüncü qolu vursaydı, böyük hesabla məğlub ola bilərdik”.
Sadıqov “Qarabağ”la oyunlarda futbolçularına ötən il bu rəqibə 1:7 hesabı ilə uduzduqları matçı xatırlatdığını vurğulayıb: “Təslim olanda bunu futbolçularımın yadına salıram. Hazırkı nəticədən isə razıyam”.