05 Dekabr 2024
Ölkə futbolu

“Naxçıvanda oynamağımız bizə əlavə motivasiya olar” – Urfan Abbasov

“Araz Naxçıvan”ın futbolçusu Urfan Abbasov İdmanxeber.az saytına müsahibə verib. O, komandasının ölkə kubokunda “Mingəçevir”i məğlub etməsindən və çempionatdakı uğurlu gedişatından danışıb:

– “Mingəçevir”ə 3:1 hesabı ilə qlaib gəldiniz. Sanki asan oyun oldu siizn üçün?

Belə oyunlar daha çox yüksək konsentrasiya tələb edir. Bu cür matçlarda futbolçular adətən “boş” olurlar. Çalışdıq ki, oyuna maksimum köklənək, fokuslanaq. Şükürlər olsun ki, sonda da qələbə qazanmağı bacardıq. Ən vacibidi də budur.

– Bu matçda əsas heyətin əksər futbolçuları oynamırdı, Elmar Baxşıyev onlara istirahət verilmişdi. Ancaq siz meydanda idiz. Bunu nə ilə əlaqələndirirsiz?

Baş məşqçimizin seçimidir. Bu haqda bir söz deyə bilmərəm. Məni bir hissə oynatdı. Bir oyunu zədəyə görə buraxmışdım, oynamamışdım. Yəqin ki, daha optimal forma yığmağım üçün məni əsas heyətdə meydana buraxmışdı. Onsuzda, mənə nə zaman şans gəlirsə, oynamaq lazımdırsa, komandama kömək etməyə hazıram.

– İki turnirdə – çempionat və ölkə kubokunda mübarizə aparmaq sizin üçün nə dərəcədə çətin olacaq?

Təbii ki, çətindir. Elə olanda oyunlar üç gündən bir keçirilir. Asan deyil, ağır olur. Amma çalışırıq ki, maksimum oyunlara köklənək və yaxşı nəticələr qazanaq. Çünki biz daim işləyirik məşqlərdə, meydana da çıxanda ən yaxşısını etməyə can atırıq.

– Avrokuboklara vəsiqə qaznamaq sizin üçün hansı turnirdən daha rahatdır? Kubok, yoxsa liqa?

Hələ ki, Premyer Liqa yönündən daha rahat görünür. Çünki turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. İstəyirik ki, bu nəticələr davamlı olsun. Ki, bizim üçün daha rahat olsun. Uğurlu nəticələrin ardını gətirmək istəyirik. Ölkə kuboku da öz yerində.Orada da çıxışımıza davam edirik. Çalışacağıq ki, iki tərəfdə də mübarizə aparaq və ən azından ikisindən birindən daha da faydalanaq.

– Rəhbərlik tərəfindən kuboku qazanmaq kimi tələb qarşınıza qoyulub?

Xeyr, belə tələblər yoxdur. Amma maksimum yaxşı nəticələr üçün çalışacağıq. Bunun üçün mübarizə aparacağıq. Oyunlar onu göstərir ki, komandamız yaxşı formadadır, yaxşı qələbələr qazanıb. Çalışacağıq ki, bu nəticələri davam etdirib.

– Komandanın yeganə məğlubiyyəti “Qarabağ”dandır. İlin son matçı da onlara qarşıdır. Amma indi yaxşı performans yığmısız. Bu sizə “Qarabağ”la ilin son oyununda məğlubiyyətin əvəzini çıxmağa kömək edə bilər? Bunu real hesab edirsən?

“Qarabağ”ın gücü hamımıza bəllidir. Maksimumu edəcəyik ki, həmin oyundan da xal qazanaq. Necə oyun olacaq, onu da zaman və matç göstərəcək.

– “Araz-Naxçıvan”ın əsas üstünlüyü odur ki, Elmar Baxşıyev “Qəbələ”də tanıdığı oyunçuları bu komandaya yığıb və hardasa oradakı futbolu tətbiq edir tanıdığı oyunçularla?

Bəli, tanıdığı futbolçuları gətirib. Amma mən onu deyərdim ki, komandada hər bir futbolçu xarakterlidir. Heç kim uduzmağı xoşlamır bizdə. Bizim komandada mehribançılıq ən yaxşı səviyyədədir. Nəticələr də ona görə gəlir. Çalışacağıq ki, davamlı olsun.

Naxçıvanda oynasaz yəqin ki, stadion dolardı, amma Bakıda boş tribunalar, bəəzn isə 50-100 nəfərin qarşısında oynayırsız ev matçlarını. Ümumiyyətlə, Naxçıvanda oynamaq istəyi futbolçularda var, yoxsa sakit yerdə, basqısız oynamaq sizin üçün daha yaxşıdır?

Təbii ki, öz azarkeşlərimizin qarşısında oynasaq bu bizə əlavə motivasiya verər. Hələ ki, vəziyyət belədir. Ümid edirik ki, gələcəkdə vəziyyət dəyişəcək. Harada oynasaq da, “Araz-Naxçıvan”ın uğurlu nəticəsi üçün çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43