21 Fevral 2024
Müsahibə

Nazim Süleymanov: “Mən “Neftçi”yə getməyimlə səhv etdim” – MÜSAHİBƏ

“Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanovun müsahibəsi

– Premyer Liqanın başa çatmasına 4 tur qalıb. Ümumilikdə mövsümü necə qiymətləndirirsiz?

– Çempionat uzun bir marafondu. Əlbəttə, burada müəyyən enişlər və yüksəlmələr ola bilər. Əsas bu enişlərdən sonra yüksəlməyi bacarmaq və mümkün qədər o enişlərdən yan keçməy lazımdı. Amma bəzən elə olur ki, komandalar qarşılarına qoyulan məqsədlərdən daha zəif nəticələr göstərirlər. Elə bu mövsümdə də biz bəzi klublarda bu enişlərin şahidi olduq.

– Klublarda baş verən enişlərin səbəbləri nə ola bilər ki?

– Bilirsiz, bunun müxtəlif səbəbləri ola bilər. Bəzən komandanın içində bəzi hadisələr baş verir ki, bu da təsirini futbol meydançasında göstərir. Nəticədə bir də görürsən ki, ard-arda qələbələr qazanan bir komanda birdən-birə zəif nəticələr göstərir.

– Məsələn, siz bu cür enişləri hansı klublarda müşahidə etdiz?

– “Qəbələ” klubundan fasilədən sonra çox şey gözləyirdik. Lakin sonradan gördük ki, bu komandada bir eniş oldu. Bunu komandadakı futbolçularla əlaqələndirmək olar. Məsələn, fasilədə komandaya bəzi futbolçular qoşuldu, bəzi futbolçular özünü təsdiqləməmiş ilk 11-liyə daxil edildi və digərlərinə təsir göstərdi və s. Amma düşünürəm ki, bu cür hallar futbolda olan şeylərdi və təbii ki, bunları dəqiqliyi ilə bilmək mümkün deyil. Biz sadəcə qıraqdan baxıb öz düşüncələrimizi söyləyə bilərik. Ancaq deyə bilərəm ki, Yuri Syomin çox təcrübəli məşqçidi və inanıram ki, bu mütəxəssisin Azərbaycan futboluna çox böyük faydası dəyə bilər. Amma hər halda komandadakı qeyri-stabilliyin və enişin səbəblərini yəqin ki, Syomin bizdən daha yaxşı bilər.

“Bakı” klubunda isə fasilədən sonra bir yüksəklik müşahidə olundu. Hətta elə bir vaxt gəlib çıxdı ki, ard-arda güclü klublara qarşı oyunlarda qazanılan qələbələrdən sonra “Bakı”nın çempionluq mübarizəsinə qoşulacağı da düşünülürdü. Ola bilər bundan sonra futbolçularda yaranan arxayınlaşma, yaxud klubdaxili proseslər onların daha da irəli getməsinə mane oldu. Dəqiq demək çətindi. Bəlkə bacardıqları elə bura qədər idi. Amma bu klubda da eniş baş verdi və komanda çempionluq savaşından geri çəkildi. Bəzi klublar da bundan yaxşı yararlandı.

– Məsələn, hansı klublar?

– Mən istəmirəm ki, “İnter”in zəhmətini yerə vurum. Amma düşünürəm ki, “İnter” digər klubların stabil oynamamasından layiqincə istifadə etməklə 9-cu pillədən 2-ci pilləyədək yüksələ bildi. Bundan əlavə “İnter”in üstünlüyü oradadır ki, komanda şəklində bu məşqçiyə inandılar və möhkəm iradə göstərərək hazırkı vəziyyətə gəlib çatdılar. İndi görün komanda şəklində bir olmaq nə qədər böyük bir şeydir. Burada klub rəhbərliyinin də inamını yüksək qiymətləndirirəm. Bəlkə də başqa klub və klub prezidenti olsaydı yəqin ki onu çıxarmışdılar. Təəssüflər olsun ki, indi bəzi klublarımız yerli məşqçilərə nə güvənir, nə də işləmək üçün şərait yaradır.

– Hansı klubları nəzərdə tutursuz?

– Təbii ki, bunu bütün klublara şamil eləmirəm. Götürək elə “Rəvan”ı. Şahin Diniyevi komandaya gətirdilər, amma işləməyə imkan, şərait yaratmadılar. Mən istəyərdim ki, Şahin Diniyev bu komandada öz fikirlərini həyata keçirərdi və ona vaxt verilərdi. Şahin Diniyev 10 komanda arasında 11-ci yer tutmayacaqdı ki? Amma mən Şahin Diniyevin “Rəvan”ı ən azı ilk 6-lığa qədər yüksəldə biləcəyinə və o komandanı Avroliqaya belə çıxara biləcək bir bacarığa malik olduğunu bilirəm. Mən bu çalışdırıcının bacarığına bələdəm, millidə də onun köməkçisi işləmişəm. Başa düşmürəm niyə yerlilərdən o dəqiqə nəticə gözləyirik, xaricilərə isə 2-3 il vaxt veririk. Səbəb nədi? Niyə Qarabağ bu il çempiondu? Artıq Qurbanov neçənci ildi işləyir? Çünki ona güvənib vaxt verdilər. Gündə bir məşqçi gətirirlərsə, hansı nəticədən danışmaq olardı ki? Öz məşqçilərimizə inanmaq lazımdı. Onlara vaxt vermək lazımdı. İmkan yaratmaq lazımdı.

– Qısa müddət “Neftçi”də işlədikdən sonra komandadan ayrıldız. Amma demək olar ki, komanda qarşıya qoyulan çempionluq hədəfinə çata bilmədi.

– Onlar çempion olmaq istəyirdilər və mən görürdüm ki, onlar belə komanda ilə çempion ola bilməzlər. Buna görə də, mən komandanı tərk elədim. Mən Antalyaya getsəydim təsəvvür edin bunnan bir neçə müddət sonra nə qədər söz söhbətlər olacaqdı. Mən bunların hamısını görürdüm, amma gərək mənə bu oyunu oynamazdlılar. Çünki mən bu mətbəxdəyəm, bu mətbəxtə olmuşam və olacağam da. Baxmayaraq ki, mən Şimali Osetiyada şöhrət ordeni aldım, orada “Alaniya” klubunda oynadım və orada məni buraxmaq istəmədilər. Dedilər gəl burada yaşa, mənə Prakraturada iş verirdilər ki, mən oradan getməyim. Axı mənim qəlbim futbolnan yaşayır, Azərbaycanla yaşayır. Məni Rusiya milli komandası da dəvət göndərdi və mən imtina elədim. Mənim öz milli komandam ola-ola niyə gedib başqa milli komandada oynamalıyam, öz komandama kömək etməməliyəm.

– O vaxt “Neftçi”nin təklifini qəbul etdiyinizə görə peşman deyilsiz ki?

– Mən “Neftçi”yə getməyimlə səhv etdim. Etiraf edirəm ki, millidə qalmalı idim. Amma yolun da yarısından qayıtmaq bir igidlikdi.

– “Neftçi” klubu ilə aranızda maliyyə problemi var idi. Nə oldu, o məsələ həllini tapdı?

– Xeyr. “Neftçi” 1 aylıq maaşımı hələ də ödəməyib. 2 aydan çox bu komandada işləmişəm. 1 ayın maaşını almışam, 1 ayım qalıb. Üstəlik 2 oyunun “premya”sı da verilməyib. Gözləyirəm zəng vurarlar gedib götürərəm.

– Son zamanlar “Bakı”nın oyunlarında görünürsüz…

– Bəli, Bakı” – “İnter” oyununu da izləməyə getmişdim.

– Kimin dəvəti ilə?

– Özüm getmişdim. Boş vaxtım olanda bütün oyunlara gedirəm. Həmişə tez başlayan oyun “Bakı”nın oyunları olur, sonra digər oyunlara da gedirəm.

– “Bakı”dan təklif almamısız ki?

– Xeyr, hal – hazırda belə bir şey yoxdu. Mən məşqçiyəm və vaxt olduqca bütün oyunlara gedirəm, baxıram, özüm üçün analiz edirəm. 

sportlife.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43