Kateqoriyasız

“Necə olacağını zaman göstərəcək” – Rəşad Sadıqov

Misli Premyer Liqasında II turun “Zirə” – “Sabah” oyunundan (1:3) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Rəqib layiq olduğu qələbəni qazandı. Oyuna pis başlamasaq da, kobud səhvlərdən qollar buraxdıq. Bundan sonra rəqib daha inamlı oynadı. Fərqi azaltdıqdan sonra ümidləndik. Amma ikinci hissənin əvvəlində buraxdığımız kobud səhv oyunun taleyini həll etdi. Son zamanlar çox rahat qol buraxırıq, həm də ucuz səhvlərdən. Belədə istədiyimiz oyunu göstərmək çətin olur.

– Sanki Təmkin Xəlilzadə eniş yaşayır sanki…
– Mövsümün əvvəlidir. Ola bilər, kimsə gec formaya düşsün. Tək o yox, bir neçə oyunçumuz daha istəkli olmalıdır. Problemləri axtarıb, həll etməyə çalışacağıq.

– Keytanın yoxluğu məğlubiyyətdə nə qədər rol oynadı?
– Heyətimiz geniş deyil. Onun yoxluğu hücumda özünü hiss etdirməyə bilməz. Hacı, Çantakias da yoxdu. Filipe yenidən zədələnib. Heyətdə itkilərimiz var. Futbolda belə problemlər olur. Qarşıda bizi 34 tur gözləyir. Əsas məsələ mövsümü uğurlu başa vurmaqdır. Problemləri mövsümün əvvəlində görmək daha yaxşıdır.

– Transfer çalışmaları nə yerdədir? Hansı mövqelərə oyunçu axtarırsız?
– Bir neçə mövqeyə. Heyəti genişləndirməliyik. Az oyunçu olması futbolçularda rahatlıq yarada bilər. 4-5 futbolçu transfer etmək istəyirik. Biri ilə razılaşmışıq, iki günə Bakıda olmalıdır. Baxacağıq, olmasa, qışda oyunçular gətirəcəyik.

– Bu gün yaxşı nəticə üçün nə çatmadı?
– Əvvəla ucuz qollar buraxmamaq lazımdır. Belə olanda oyunu dəyişmək çox çətin olur. Daha aqressiv, istəkli olmalıydıq. Belə oynadıqdan sonra bu cür rəqibə qarşı şans olmur.

– “Makkabi” ilə oyunlardakı “Zirə”ni çempionatda görmürük…
– Son iki oyunda aqressivlik və dinamikanın aşağı düşdüyünü görürəm. Səbəbi araşdıracağıq. Mənim üçün də naməlumdur.

– Yeni transfer hansı mövqedə oynayır?
– Mərkəz yarımmüdafiəçisi.

– Rəqibləriniz güclənib, bu mövsümün komandanız üçün daha çətin olacağını demək olar?
– Krçən il də asan olmadı. Bu mövsüm daha rəqabətli olacaq. İlk turlar bunu göstərir. Necə olacağını zaman göstərəcək. Yaxşı olacağına ümid edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43