Qulaqlarımız son 5-10 ildə inkişaf haqqında nəğmələr eşitməyə çox öyrəşmişdi. Bölgələri unudub, Bakını böyük bir tikinti meydançasına çevirmişdik. Üzü parıldayan binalar tikir, köhnələrin üzlüyünü yeniləyirdik. Bununla da mahiyyətdən daha çox görüntünün dəyişməsinə, gözə xoş görünməsinə çalışırdıq. İdmanda da eyni siyasət yürüdülürdü. İllərdi milyonlarla neft pulları havaya sovruldu. Amma bircə dənə də olsun sağlam təməllər üzərində qurulan uşaq məktəbi yaratmadıq, öz balalarımızın düzgün inkişafı üçün strategiya formalaşdıra bilmədik. Xüsusiylə də futbolda bu siyasət daha başıpozuq, anarxist formada həyata keçirildi. Pul çox olanda Azərbaycan klubları heyətlərinə iyirmiyə yaxın legioner qatırdı, İspaniyadan vurub Avstriyadan çıxırdılar. Çempionatda qısa müddətli fasilə elan olunan kimi, Türkiyədə çay dəmlətdirib, Gürcüstana çaxır içməyə gedirdilər. İndi vəziyyət tamam ayrı cürdü. Futbolumuz neftin qiymətdən düşməsindən sonra suyu sovrulmuş dəyirmana bənzəyir. Bu böhran daha çox “Neftçi”yə təsirini göstərib. İş o yerə gəlib çatıb ki, “xalq komandası”nın cəmisi 40-50 min məsrəfi olan Antalya toplanışını getməyə belə imkanı çatmır.
“Neftçi”nin Antalya toplanışından imtina etməsi qış fasiləsinin ən çox müzakirə olunan mövzusudur. Səbəb nədir? Doğurdanmı “Neftçi” bu dərəcədə kasıblayıb? Vecsiz bir legionerin iki aylıq maaşına bərabər olan məbləğ toplanışa niyə sərf edilmir? Bütün bu suallara doğru-düzgün, məntiqli izah verən tapılmır.
Ölkə kubokunun finalında “Qarabağ”a böyük hesabla uduzan “Neftçi”nin heyətdəki futbolçularla heç nəyə nail ola bilməyəcəyi aydın məsələ idi. Mətbuat və mütəxəssislər bir ağızdan bu məqamı ön plana çəkir, klub başbilənlərini düzgün transfer və seleksiya siyasəti yürütməyə, komandanı gücləndirməyə çağırırdı. Amma futboldan baş çıxarmayan insanların rəhbərlik etdiyi Müşahidə Şurası fərqli qərar verdi. Gənc çalışdırıcı Samir Əliyev yarımcan heyətlə odun ağzına atıldı. Komanda ciddi transferlər etmədən Avstriyaya təlim-məşq toplanışına yollandı. Bununla da rəhbərliyin Avroliqaya hazırlıq üçün hər cür şərait yaratdığı görüntüsü formalaşdırıldı. Cəmisi 3 il əvvəl avrokubokların qrup mərhələsində oynayan komandanın zəif “Mladost” səddini keçə bilməməsi fiaskonun başlanğıcı idi.
Özlərini heç nə olmamış kimi aparan rəhbərlik bundan sonra komandanı Türkiyənin Afyon şəhərinə, daha uzun müddətli toplanışa göndərdi. Qəribəsi odu ki, məhz ondan sonra komandaya əcnəbi futbolçular dəvət olunmağa, yeni transferlər həyata keçirilməyə başlandı. “Həmin transferlər niyə zamanında reallaşdırılmırdı” sualı isə indiyə qədər cavabsızdı.
Hələ aprel ayında “Nefçi”nin Müşahidə Şurası yaradılarkən əsas məqsədin klubu Açıq Səhmdar Cəmiyyətə çevirməyin, bununla da bir sponsorun asılılığından qurtulmağın olduğu deyilirdi. Artıq 9 ayı geridə qoymuşuq. Klubun səhmlərinin satışa çıxarılması, idarəetməyə ictimai nəzarətin həyata keçirilməsi üçün hansısa mexanizmin hazırlanmasıyla bağlı hansısa xəbər eşitməmişik. Məlum məsələdi ki, 1 manatlıq bileti azarkeşlərə sata bilməyən klubun səhmlərini almaq üçün heç kim sinəsini irəli verməyəcək. Hələ hazırkı Müşahidə Şurası və idarəetmə fəlsəfəsiylə bu xam xəyaldır. Məhz elə bu səbəbdən həmin sahədə heç bir əməli fəaliyyət yoxdur. Əksinə, komandanın sponsorlarının sırasına “ASAN Xidmət” də əlavə olunub. Elnur Məmmədovun ideya müəllifi olduğu stadion turları, Bəhram Bağırzadənin ticarət mərkəzlərində şarf paylaması heç bir işə yaramayıb. “Neftçi”nin tribunalardan qaçaq düşmüş azarkeşlərini geri qaytarmaq mümkünsüz işdir. Halbuki, Müşahidə Şurasının formalaşdırdığı ilk iclasda şəxsən Rövnəq Abdullayev azarkeşlərin stadiona qaytarılmasının əsas vəzifə olduğunu açıqlamışdı. Həmin gün Çingiz Abdullayev daha irəli gedərək, “Neftçi” üçün Olimpiya stadionunu istəmişdi. Bu arzu da elə arzu olaraq qaldı.
“Xalq komandası”nın maliyyə hesabatları xalqdan gizlədildiyi üçün komandaya sponsorlardan nə qədər pulun daxil olduğu, həmin pulların hara xərcləndiyi haqda informasiya almaq mümkün deyil. Kluba yaxın mənbələrdən Sport7.az-a verilən məlumata görə, aprel ayından bəri SOCAR tərəfindən “Neftçi”yə 8 milyon 750 min manat pul verilib. Yetərincə ciddi məbləğdir. Bu hadqa klub rəsmilərindən soruşası olsaq, ciddi izahat eşitməyəcəyimizə əminik. Elə bu yazı vasitəsiylə Müşahidə Şurasına, “Neftçi”nin mühasibatlığına, daha dəqiqi Elnur Məmmədovla Qədim Əsgərova müraciət edirik. Buyurun, son 9 ayın gəlir-çıxarını ictimaiyyətə açıqlayın. Klubla sponsorluq müqaviləsi imzalayan “ASAN Xidmət”in kluba maliyyə ayırıb, ayırmadığını deyin. Azarkeşlər əmin olsunlar ki, “Neftçi” həqiqətən də pulsuzluqdan Antalya toplanışına yollana bilmir.
Bu necə pulsuzluqdur ki, yerlilərin maaşı azaldılır, amma onlardan heç nəylə fərqlənməyən əcnəbilərin maaşlarına əl vurulmur? Bu necə pulsuzluqdur ki, ölkənin ən yaxşı ot örtüyünə sahib stadionlarından biri olan Bakıxanov qəsəbəsindəki arena sökülür, yerində məhz “Neftçi”nin puluyla yeni baza tikiləcəyi deyilir? Bu necə pulsuzluqdur ki, klubun mətbuat xidmətinin yetərincə əməkdaşı ola-ola, ayda bir dəfə toplanan, qeyri-fəal qurum görüntüsü verən Müşahidə Şurasının ayrıca ictimaiyyət və və mətbuatla əlaqələndiricisi ştatı var? Bütün bu suallara “Neftçi” tərəfinin verəcəyi cavabları eşitməyə, azarkeşləri də məlumatlandırmağa hazırıq.
sport7.az