“Neftçi”nin yeni transferi Solomon Kvirkveliya klub televiziyasına müsahibə verib.
İdmanxeber.az-ın məlumatina görə, Gürcüstan yığmasının müdafiəçisi “Neftçi”dən aldığı təklifə dərhal razılıq verdiyini bildirib:
“Bu komanda haqqında çox şey bilir və eşitmişəm. Çox yaxşı tarixi klubdur. Belə bir şans yarananda bir an da düşünmədim, “mən hazıram” dedim. Mənə zəng edərək, 2 illik müqavilə ilə bağlı, demək olar ki, razılığa gələndə dərhal evdə əşyalarımı toplayıb tibbi müayinə üçün Türkiyənin Antalya bölgəsinə uçdum. Çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum. Çünki bu, tarixi olan çox güclü klubdur, davamlı olaraq avrokuboklarda çıxış edir və Azərbaycan çempionluğu uğrunda mübarizə aparır. Buna görə də müqavilə bağlayıb-bağlamamaq haqda düşünməyə və ya tərəddüd etməyə bir səbəb yox idi”.
Təcrübəli futbolçu “Neftçi”nin çox yaxşı azarkeşlərə malik olduğunu da diqqətə çatdırıb: “Müqavilə bağlamağım haqda söz-söhbət yarananda onlar mənə çox yazırdılar. Haradasa 1000-1500 mesaj yazıb soruşurdular ki, bu doğrudurmu? Amma o vaxt rəsmi müqavilə imzalamamışdım deyə, onlara cavab verə bilmirdim. Azarkeşlərdən hiss etdiklərimə, kluba keçidimdən məmnun olduqlarına görə onlara təşəkkür edirəm”.