Premyer Liqada 2013/14 mövsümünün II dövrəsi başa çatıb.
İdmanxeber.com-un araşdırmasına görə, hər iki dövrə daxil geridə qalan 18 tur bəzi klublar üçün sadəcə kabus, bəziləri üçün isə düşərli oldu.
Geridə qalan 18 tur ərzində öz meydanında uduzmayan yeganə komanda "Neftçi" oldu. Paytaxt klubu "Bakcell Arena"da meydana çıxdığı 9 oyunda 7 qələbə qazanaraq ikisində heç-heçə edib. Ən yaxşı ikinci göstərici isə "Qarabağ"a məxsusdu. Ağdam təmsilçisi öz meydanında cəmi bir dəfə yenilgi üzü görüb. Əslində Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Gənclikdə keçirdiyi oyunlarda yenilgi üzü görmür. Yeganə alınan məğlubiyyət isə "Bakcell Arena"da olub. Belə ki, "atlılar" meydan sahibi kimi "Bakcell Arena"da keçirdiyi oyunda bir dəfə yenilib, vəssalam…
Səfər meydanında qələbə üzü görməyən yeganə komanda "Sumqayıt"dı. Çempionatın autsaderi 9 səfər görüşünün yalnız 2-də heç-heçə edib. Digər 7 qarşılaşmada isə məğlubiyyət qaçılmaz olub.
Sondan ikinci pillədə qərarlaşan Şahin Diniyevin rəhbərlik etdiyi "Rəvan" isə öz meydanında qələbəyə həsrət qalan komandadır. "Sarı-qımırızlılar" 9 ev görüşünün heç birində 3 xal qazana bilməyib.
Səfər görüşlərindən söz düşmüşkən… Qonaq meydanında ən yaxşı göstərici "Qarabağ"a məxsusdu. Ağdam klubu onu qəbul edən rəqiblərə boyun əyməyi xoşlamır.
Ümumilikdə səfər meydanında ən çox xal qazanan komanda "Qarabğ"dı – 16. Öz meydanında isə ən çox xal toplayan komanda isə "Neftçi"di – 23.