07 Dekabr 2024
İdman

“Neftçi İdman Klubu”nun 3 şahmatçısı Dünya Kubokunda

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabrın 10-da Bakıda start götürəcək Dünya Kuboku yarışlarının I dövrəsində qarşılaşacaq şahmatçıların adlarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, turnirdə şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen və sabiq dünya çempionu, hindistanlı Vişvanatan Anand istisna olmaqla, planetin bütün ən güclü şahmatçıları iştirak edəcəklər.

128 şahmatçının qatılacağı yarışda “Neftçi İdman Klubu”nun zəka sahiblərindən Teymur Rəcəbov, Eltac Səfərli və Vasif Durarbəyli də ölkəmizi təmsil edəcəklər. Birinci dövrədə Teymur Rəcəbov Samuel Sevyan (ABŞ), Vasif Durarbəyli Le Quanq (Vyetnam), Eltac Səfərli isə Ksaba Baloq (Macarıstan) ilə qarşılaşacaqlar.

Qalib iki partiyanın yekunlarına görə müəyyən olunacaq və növbəti raunda vəsiqə qazanacaq. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcəklər. Dünya Kubokunun qalibi və finalçısı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq. Hər iştirakçıya 40 gediş üçün 90, oyunun qalan hissəsi üçün 30 dəqiqə, hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq. İki partiya başa çatandan sonra nəticə heç-heçədirsə, onda rəqiblər vaxt nəzarəti 25+10 olmaqla iki partiya oynayacaqlar. Nəticə yenə də heç-heçə olsa iki partiya (10+10), daha sonra iki partiya (5+3) oynanılacaq. Əgər bundan sonra da üstünlük əldə olunmazsa, onda “Armageddon” deyilən həlledici partiya oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43