20 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” matçı təxirə getsəydi, “Bayer” oyunu üçün daha yaxşı olardı”

“Braqa” oyunundan sonra “Sumqayıt” görüşündə də komandamız yaxşı oynadı. Baxmayaraq ki, zədəli futbolçularımız var idi. Fiziki, psixoloji yorğunluq da hiss olunurdu. Amma yenə də öhdəsindən gəldik. “Qəbələ” ilə oyundan da qələbə ilə ayrıla bildik. İndi qarşıdakı görüşlərə baxacağıq”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ” futbolçusu Elvin Cəfərquliyev “Qəbələ” matçı (4:0) barədə danışarkən deyib. Millimizin futbolçusu həftəsonu keçiriləcək “Neftçi” görüşünə də münasibət bildirib:

Açığı, yorğunçuluq baxmından bu matç təxirə getsəydi, “Bayer” oyunu üçün daha yaxşı olardı. Amma işimizdir, təxirə getməsə də, çıxıb oynamalıyıq. Biz artıq öyrəşmişik bu qrafikə. Ümid edirəm ciddi təsiri olmaz”.

Cəfərquliyev “Qarabağ”ın Premyer Liqada rəqabətsiz çempionluğa oynamasına belə münasibət bildirib:

Belə deyim, bütün oyunlar çətin keçir. Bu mövsümlə müqayisədə ötən illərdə çempionat daha güclü səviyyədə idi. Sanki bu il bəzi komandalar zəifləyib. İstəyirdik ki, Premyer Liqada bizlə başa-başa gedən rəqib olsun. Bu, xeyrimizə olardı. Amma yenə də mövsüm rahat keçmir. Hər il olduğu kimi, yenə də çempionluğu hədəfləyirik”. 

23 yaşlı futbolçu Avropa Liqası 1/8 final mərhələsində qarşılacaqları “Bayer” oyunundan da danışıb:

“Bu komanda ilə qrupda da mübarizə apardıq. Hər iki oyun məğlub olsaq da, Bakıda yaxşı çıxış etmişdik. Hazırda Avropanın ən güclü kollektivlərindən biridir. Nəticə nə olsa da, yaxşı mübarizə aparamağa çalışacağıq”.

“Qarabağ”ın müdafiəçisi karyerasını Avropada davam etdirmək istəyidini sözlərinə əlavə edib:

“Bu barədə həmişə danışıram. Mən də getmək istəyirəm. Başqa xarici klublarda çıxış edib, ölkəni təmsil etmək fikrim var. Amma gərək hamısı məsləhətli olsun. Rəhbərliyin, baş məşqçinin qərarı da önəmlidir. Ümumiyyətlə, hazırda bu mövzüda menecerimlə heç bir söhbətim olmayıb. Real bir təklif olsaydı, xəbərim olardı. Bəlkə də maraqlanan olub, amma məsələ ciddiləşməyib”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43