21 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam”

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. “Neftçi”nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik oldu. “Neftçi”yə və Roman Qriqorçuka uğurlar arzu edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Qarşıda “Tottenhem”lə matç var. Bu oyunda o görüş üçün nəyisə sınaqdan keçirdiz?

– Fikrimiz var idi. Bəzi elementlərlə bağlı idi. Amma çox az alındı. Bu da oyunun gedişatına görə idi. Oyunun sonlarına yaxın daha çox alınmağa başladı.

– Ötən mövsüm “Qarabağ” daha həvəsli görünürdü, bu mövsüm eyni tempdə gedirsiz. Bu motivasiya ilə “Tottenhem”ə qarşı yaxşı çıxış etmək mümkün olacaq?

– Oyundan əvvəl motivasiya veriləcək. Amma bu və oradakı oyunun tempi eyni olmayacaq. Rəqib məcbur edir ki, daha sürətli oynayaq. Bu və o oyunları yan-yana qoymaq olmaz. Əfsuslar olsun ki, tez-tez ritm dəyişir. Ən vacib elementlərdən biri rəqibin tempinə hazır olaq.

– Ağdamda yeni “İmarət” stadionunun təməli atıldı. Bununla bağlı fikriniz necədir? 

– Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bunula başlamaq da pis deyil. Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq.

– Bu gün beşinci qola vaxt çatmadı?

– “Neftçi”yə uğurlar arzulayıram. “Neftçi” rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələr ola bilər. Qaranti deyil ki, “Qarabağ” çempion olacaq. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə, gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, demək xeyir var. “Neftçi” böyük tarixə malik klubdur. Əvvəl-axır, sonda yenə öz əvvəlki nəticələrini geri qaytaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43