21 Fevral 2025
Ölkə futbolu

“Neftçi” üçün bütövləşmək zamanı

“Qarabağ”la oyundan öncə “Neftçi”nin son matçlardakı çıxışı barədə fikirlərimizi ortaya qoymuşduq. Komandada yüksəliş olduğunu və artıq yaxşı mənada oyanışın hiss olunduğunu qeyd etmişdik. “Qarabağ”la görüşdə nəticə yaxşı olmasa da, müsbət tərəflər yenə özünü göstərdi. “Ağ-qaralar” illər sonra əzəli rəqibinə qarşı sona kimi mübarizə apardı. Bu, böyük tarixi, ənənəsi olan bir komanda üçün ciddi uğur sayılmasa da, yenilənən “Neftçi” üçün vacib amildi.

Samir Abasovun komandanı toparladığı, oyun ruhununun yavaş-yavaş bərpa etdiyi göz qabağındadı. Cəmi 3 oyunluq ardıcıl qələbədən sonra minlərlə azarkeşi stadiona toplayan bilən komandaya inam boşa deyildi. “Neftçi” də meydanda bunu sübut etdi. Artıq oyunun 15-20 dəqiqəsində “Qarabağ”a təslim olan komanda yox idi. Rəqib azlıqda qalmazdan öncə də, sonra da “ağ-qaralar” yaxşı oyun sərgiləyirdi. Nəticənin olmaması məyusedici olsa da, ümidsizlik yaratmamalıdı.

Əslində, sadiq azarkeşlər üçün iş bundan sonra başlayır. “Neftçi” fanatları daima tribunaların bəzəyi olub, komandaya sahib çıxıblar. Bəli, dəfələrlə bu ümidləri boşa çıxıb, çox zaman stadiondan məyus ayrılıblar. Amma bu səfər durum başqadı. Komanda bu dəstəyin haqqını verməyə başlayıb. Formanın əzəmətinin yavaş-yavaş bərpa olunduğu bu vaxtda heç nə ümidsizlik yaratmamalıdı. Əzəli rəqibə qarşı möhtəşəm dəstək olmasına baxmayaraq, komandanın məğlub olması sadəcə məyusluq yarada bilər, ümidsizlik yox.

Hazırda “Neftçi” çox həssas dönəmdən keçir. İllərin uğursuzluğu, yaraları sarılmağa başlanıb. Prosses çətindi və sancılı keçəcək. Amma başlamağın, bərpa olmağın yaratdığı hiss ümidli olmaq üçün kifayətdi. Azarkeş mütləq bunları görür və dəyərləndirir. Hazırda tablodakı nəticədən daha önəmli olan “meydana qayıdış”dı.

Azarkeşlərin kluba olan inamı uğurun çox uzaqda olmamasının bir işartısıdı. İnam varsa, uğur mütləqdi. Bunun üçün isə zaman qaçılmazdı. Onsuz da bugünə kimi səbr edən “ağ-qara” sevdalıları daha bir neçə ay kluba şans vermək məcburiyyəti ilə üz-üzə qalıblar. Təbii ki, bu, o rənglərə olan sevgidən doğan məcburiyyətdi.

Derbidə izlənilən ab-hava, bütövləşmə qarşıdakı matçlarda da mütləq davam etməlidir. Çünki qarşıda “Neftçi”ni mövsümün əsas hədəfi olan kubok oyunları gözləyir. Həmişəkindən fərqli olaraq, daha cəfakarlıq, fədakarlıq vaxtıdır.  Artıq tribunadakı performans təktərəfli deyil, meydana da təsir edir. Bundan sonra da artan templə davam edəcək. Fanatlar unutmasın ki, azarkeşi ilə bütövləşən “Neftçi” qısa vaxtda uzun illərdi xəyal edilən səviyyəyə gələ bilər.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43