03 Yanvar 2025
Kateqoriyasız

“Neftçi” – “Xəzər Lənkəran” – Prevyu

Növbəni milli matçlarından təhvil alan Premyer Liqa “Neftçi” və “Xəzər Lənkəran” arasında matçla bu həftə diqqəti özünə cəlb edəcək.

İdmanxeber.comun məlumatına görə, eyni dərəcədə hər iki tərəf üçün prinsipial olan bu oyun “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin üçün ilk derbi olacaq.  Türkiyəli mütəxəssis komandasını “Neftçi” önünə çıxaran 11-ci baş məşqçi kimi tarixə düşəcək. Maraqlıdır ki, rəqibi də “Böyük oyun”lara 11 çalışdırıcı çıxarıb. Baş məşqçi postuna 3 ildən sonra qayıdan Arif Əsədovun hesabında “Xəzər Lənkəran”la 8 qarşılaşma var.

Fikirləri oyuna cəmləşdirməklə yanaşı ənənəvi olaraq tarixə də nəzər salaq. Komandalar arasında bu günə qədər 33 qarşılaşma baş tutub. 34-cü duel öncəsi minimal üstünlük “Neftçi” tərəfindədir. Belə ki, “Xəzər Lənkəran” geridə qalan oyunlarda 9 qələbə qazanıb, 14 heç-heçə edib və 10 dəfə uduzub.

Toplam olaraq tərəflər arasında baş tutan bütün oyunlarda 66 qol vurulub. “Neftçi” 36, “Xəzər Lənkəran” 30 dəfə rəqib qapısına yol tapıb. Bu görüşlərin bombardiri “Neftçi”nin yarımmüdafiəçisi Flavinyodur – 7 qol. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə indi “Neftçi”də olan Julius Vobaydır – 3 qol. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla isə hərəyə 2 dəfə fərqlənə bilib.

Çoxlu sayda yaddaqalan məqamlarla bol olan 33 görüşdən üçü Azərbaycan kuboku, biri Superkubok, 29-u isə Premyer Liqaya təsadüf edib. Hər turnirdə bir qarşılaşma neytral meydanda keçirilib. Digər 30 görüşdə isə komandalar hərəyə 15 dəfə ev sahibliyi edib.

İndiyədək səfərdə 2 qələbəsi olan “Xəzər Lənkəran”ın bir dəfə Premyer Liqa, 1 dəfə kubokda sevinib. 2011-ci ildəki son qələbə kubokun ¼ finalının bəzəyi olmuşdu – 4:3.

Qarşılaşma öncəsi Xəzər Lənkəran” tam tərkibdə məşqləri davam etdirir. Artıq Azərbaycan millisinin üzvləri olan Rahid Əmirquliyev, Rasim Ramaldanov və Rauf Əliyev də komandanın məşqlərinə qoşulublar.

Alfred Sanko isə Syerra Leone milli komandasının düşərgəsindən bu gün Bakıya qayıdacaq. Həmçinin milli komandaların heyətlərində olan Ağabala Ramazanov və Elnur Cəfərov da bügündən etibarən komandaya qatılırlar.

Zaman və məkan: 13 sentyabr, 17:30, İsmət Qayıbov adına Bakıxanov qəsəbə arenası.

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov. AFFA nümayəndəsi: Elbrus Abbasov. Hakim-inpektor: Əli Hüseynov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43