Ölkə futbolu

“Neftçi”dən başsağlığı

Azərbaycan idman ictimaiyyətinə böyük itki üz verib.

Azərbaycan şahmatının ən parlaq nümayəndələrindən biri, Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra vəfat edib.

27 yaşında aramızdan ayrılan Vüqar dəfələrlə müxtəlif turnirlərin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının Avropa çempionu adını qazanmasında böyük rol oynayıb. Məhz onun son turda qazandığı həlledici xal Azərbaycan yığmasını qitənin ən güclüsü edib. Uğurlu nəticələri Vüqarı FİDE reytinqində 11-ci pilləyə qədər qaldırıb. Lakin son illərdə xəstəliyi səbəbindən onun yarışlardan kənarda qalması reytinqinə də təsir etmişdi.

Bununla belə, Vüqar Beynəlxalq Şahmat Federasiyası FİDE-nin bayrağı altında keçirilmiş yarışlarda ən çox qələbə əldə etmiş 2 şahmatçımızdan biri idi. Gənc yaşlarında azərbaycanlı şahmatçılar arasında məhz Vüqar dünya şahmat tacına iddialılardan sayılırdı. Lakin elə gənc yaşlarında onu tapan xəstəlik Vüqara imkan vermədi. Düzdü, Həşimov ilk mübarizəsində bu xəstəliyə də qalib gəlib yenidən böyük idmana qayıtdı. Amma bu dəfə o da bacarmadı. Vüqar bizimlə birdəfəlik vidalaşdı. Özü də şah kimi…

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov, “Neftçi PFK və “Neftçi” İSM kollektivi Azərbaycan şahmatının layiqli təmsilçisi Vüqar Həşimovun vaxtsız vəfatı ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı verir və mərhumun ailəsinə Allahdan səbr diləyir. Allah rəhmət eləsin!.

Neftchipfk.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43