Noyabrın 2-də "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında keçiriləcək "Böyük oyun" üçün satışa çıxarılan biletlər demək olar ki, tükənib.
Bu barədə idmanxeber.com saytına “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Abbaszadəni dinləyək:
"Biz bu matça nə qədər azarkeşimizin gələcəyini təxmin edib o sayda bilet satışa çıxardıq. Satışa çıxarılan iki min bilet artıq satılıb. Bunlarında çoxunu fan-klublarımız alıb. Bildiyimiz kimi AFFA-nın qərarından sonra nə "Neftçi", nə də "Xəzər Lənkəran" azarkeşləri "Böyük oyun"larda səfər matçlarına buraxılmayacaq. Buna görə də, biz bu oyuna məhz bu qədər bilet satışa çıxarmağı məsləhət bildik. Demək olar ki, bütün biletlər satılıb. Qısacası kassalarda bilet yoxdu. Kim bilet almaq istəyirsə fan-klublarımıza müraciət edə bilərlər. Onlar artıq biletləri alıblar".