Topaz Premyer Liqasının XI turunda “Simurq” “Neftçi”ni qonaq edəcək. Oktyabrın 27-də “Şəfa stadionu”nda keçiriləcək qarşılaşmaya Zaqatala təmsilçisi hazırlıqları davam etdirir. Dünən axşam saatlarında növbəti məşqinə çıxan “Simurq”, iki saata yaxın davam edən çalışmalara qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra taktiki və texniki təmrinlər yerinə yetirilib, ikitərəfli oyunun ardından qapıya zərbələr edilib. Bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq komanda, hazırlıqları tamamlayaraq istirahətə çəkiləcək.
Heyətdə “Neftçi”ylə oyunöncəsidə zədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndir. Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaitzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyunöncəsi məşqdə damarın dartan Dilaver Zrnanoviç, “Neftçi”ylə oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçu artıq məşqlərdədə iştirak edir.
Qeyd edək ki, “Simurq” – “Neftçi” oyunu saat 18:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi isə Əliyar Ağayev təyin edilib.