“Turan Tovuz”un futbolçusu Ayxan Quseynovun idmanxeber.az saytına müsahibəsi
-“Sabah”la oyunda meydandan məğlub ayrıldınız. Uğursuz gedişata nə vaxt son verəcəksiniz?
-Sıx qrafikə görə heyətdə bəzi dəyişiklik edilmişdi. Oyunda bir neçə kobud səhvlərə yol verdik. Buna görə rəqib bizə cəzalandırdı. Məncə, pis mübarizə aparmadıq, qol imkanlarımız da oldu. Ancaq təəssüf ki, yararlana bilmədik. Yanvardan öncə də belə bir vəziyyətə düşmüşdük. Uzun müddət qalib gələ bilmədik, amma sonra toparlandıq. Bu səfər də özümüzə gələ biləcəyik.
-Artıq “Kəpəz”lə eyni xala sahibsiniz. Son sıralara geriləmək qoruxusu var komandada?
-Hər şey mümkündür. Mövqeyimizi qorumaq istəyirik. Bunun üçün də qalan matçlarda yaxşı mübarizə aparmalıyıq. Bəzi vacib epizodlarda konsantrasiya problemi yaşayırıq. Elə olur ki, hesabı açandan dərhal sonra qol buraxırıq. Məncə, əsas problemimiz budur. Yenə də çalışıb mövsümü yuxarı pillələrdə bitirmək istəyirik. 3-4 gündən bir oynamaq çətindir. Özümüzü yaxşı formada saxlamalıyıq. Düzdür, heyətimiz pis deyil. Bəzən rotasiya edərək oyunçulara istirahət verilir. Bunun üçün də heyətdə 22-23 futbolçu var.
-Sanki yanvardan sonra komandanın fiziki cəhətdən gücü zəifləyib…
-Açığı, mənə elə gəlmir. Qışda da yaxşı toplanış keçirmişdik, hər şey qaydasında idi. Mövsümün sonunda adətən bəzi yorğunçuluq əlamətləri hiss oluna bilər. Zədəli oyunçularımız da var, bunun da təsiri olur. Ancaq ümumən fiziki gücümüzün zəif olduğunu düşünmürəm. Ola bilər ki, kənardan belə görünür.
-Kubokun ilk oyununda “Neftçi”ni məğlub etdiyiniz. Səfərdə bu nəticəni qoruya biləcəksiniz?
-Bilirsiniz ki, belə oyunların ab-havası fərqli olur. Həmin oyuna başqa motivasiya ilə çıxacağıq. Finala vəsiqə qazanmaq niyyətimiz var. Əlbəttə, “Neftçi” səfəri çox çətin olacaq. Mübarizə aparmaq lazımdır. “Neftçi”ni keçəcək gücümüz var. Final oynamaq istəyirik və bunu bacaracağıq.
-Artıq mövsüm yekunlaşır. Karyeranla bağlı danışsaq, hədəflərin nədir?
-“Turan Tovuz”la müqaviləm yayda başa çatır. Ancaq bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Bu şeylər barədə mövsümün sonu danışmaq daha yaxşı olar. Ancaq təbii ki, bəzi hədəflərim var. Azərbaycan millisində forma geyinməyi çox istəyirəm. Düzdür, vətəndaşlığım yoxdur. Ancaq təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Mənim üçün də çox yaxşı motivasiya olar.
-Rusiya vətəndaşısan. Orada “Leninqradets”, “Nijni Novqorod” kimi klublarda çıxış etmisən. Yenidən Rusiyada oynamaq istəyərsən?
-Xeyr, Rusiyaya qayıtmaq fikrim yoxdur. Orada oynamağı düşünmürəm. Ancaq Avropadan təklİf olsa, mütləq dəyərləndirəcəm.
Həsən Quluzadə