"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin idmanxeber.com-a müsahibəsi.
– "Fənərbağça" ilə qolsuz heç-heçə etdiniz. Oyunla bağlı fikirlərini bilmək istəyərdim.
"Fənərbağça" tanınmış komandadır. Onların gücü hamıya məlumdur. Ancaq biz özümüzə inanırdıq ki, onlarla mübarizə apara bilərik. Düşünürəm ki, başabaş oyun getdi.
– Heç-heçə gözləyirdinmi?
Onlar da qalib gələ bilərdi, biz də. Hər iki komanda açıq futbol oynadı. Bu oyunda hər bir nəticə gözləyirdim: həm qələbə qazanmağı, həm heç-heçə, həm də məğlub olmağı.
– "Xəzər Lənkəran"ın "Fənər"ə 0:4 hesablı yenilgisi sizi qorxudurdumu?
Əlbəttə ki, yox. "Xəzər Lənkəran"ın "Fənər"ə 0:4 hesabla məğlub olması bizi qorxutmurdu. Qorxmadığımızı oyunumuzla sübut etdiyimizi düşünürəm.
– İlk dəqiqələrdən fərqli olaraq sonradan daha çox müdafiəyə fikir verdiniz. Bu baş məşqçinin qərarı idi, yoxsa…?
Yox, Böyükağa müəllim bizə müdafiəyə oturun deməmişdi. Bizim ikinci hissədə də qol imkanlarımız oldu.
– "Fənər"in heyətində kifayət qədər tanınmış hücumçular çıxış edirdi. Onlara qarşı oynamaq çətin deyildi?
Düzü düşünürdüm ki, çətin olar. Amma fikirləşdiyim qədər çətin olmadı. Təbii ki, asan da deyildi.
– Hansı hücumçuları səni daha çox narahat edirdi?
Belə konkret ad çəkə bilmərəm. Onlar komanda şəklində daha yaxşı oynayırdılar.
– Böyükağa Hacıyev rəhbərliyi altında ilə bərabərliklə başladız. Nazim Süleymanov və Böyükağa Hacıyev: müqayisə edə bilərsənmi?
Onları müqayisə etmək düzgün olmaz. Hərəsinin ayrı futbol anlayışı, futbol fəlsəfəsi var. Hərəsi ayrı ayrılıqda böyük məşqçidilər.