“Neftçi”nın qış fasiləsində göndərəcəyi daha bir futbolçunun adına aydınlıq gəlib.
İdmanxeber.com-un Boliviya mətbuatına istinadən yaydığı xəbərə görə, “ağ-qaralar”ın düşərgəsini tərk edəcək futbolçu Uqo Barqasdı. O, adıçəkilən ölkənin “Bluminq” komandasına keçəcək.
Bu barədə “El Mundo” nəşrinə klubun meneceri Tito Paz məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı forvard ona göndərilən rəsmi təklifi artıq qəbul edib:
“Barqas 2018-ci il yanvarın ilk həftəsində “Bluminq”ə qoşulacaq. Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur”.
Məlumatı dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu ilə əlaqə saxladıq. Klub rəsmisi saytımıza bildirdi ki, Barqas agenti vasitəsilə bir neçə gün öncə komandadan ayrılmaq istəyi haqda “Neftçi”yə şifahi məlumat verib: “Amma rəsmi müraciət olmayıb. Barqas rəsmi müraciət etsə, məsələyə baxılacaq”.
Qeyd edək ki, Barqas “Neftçi”yə bu ilin fevral ayında məhz “Bluminq” klubundan keçmişdi. Onun “ağ-qaralar”la müqaviləsi mövsümün sonuna qədərdir.