“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Qaradağ Lökbatan”la yoxlama oyunu haqda fikirlərini bildirib.
İdmanxeber.com-un məluatına görə, klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis bu yoxlama matçının gənc futbolçuları sınamaq baxımından əhəmiyyətli olduğunu bildirib:
“Qaradağ Lökbatan”la oyun yoxlama xarakteri daşıyırdı. Belə görüşlərdə nəticə önəmli deyil. Əsas məqsəd heyətin bütün üzvlərini yoxlayıb, komandanı Premyer Liqa matçlarına hazırlamaqdır. Yoxlama görüşlərində heyətin bir çox üzvünü sınamaq şansımız olur. Düzdür, bəzi futbolçularımız milli komandaların düşərgəsinə çağırıldığından, heyət üzvlərinin hamısı yoxlama oyununda iştirak edə bilmədi.
Bununla belə, gənclər üçün özlərini göstərmək baxımından da əhəmiyyətli oyun oldu. Matç zamanı müəyyən taktiki dəyişiklərə əl atdıq. Üstəlik, ikinci hissədə heyətin yarıdan çoxunu dəyişdik və gəncləri sınadıq. Onlar “Neftçi”nin gələcəyidir. Gənclər belə oyunlarda təcrübə toplamalıdırlar. İnanıram ki, bu futbolçular gələcəkdə əsas komandada möhkəmlənə biləcəklər”.