Ölkə futbolu

“Neftçi”nin “Qarabağ”ı üstələməsi real görünmür”

“Neftçi” doğma meydanda oynasa da, “ağ-qaralar” üçün görüş çətin keçəcək. “Qarabağ” çox yaxşı formadadır, yüksək səviyyəli futbol sərgiləyir. Bunları nəzərə alanda onların üstün tərəf olduğunu demək olar. Amma mən “Qarabağ” üçün də qarşılaşmanın asan olacağını düşünmürəm”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçisi Füzuli Məmmədov ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçı çəriçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Təbii ki, futbolda bütün nəticələr ola bilər. Öncədən dəqiq nəsə demək olmur. Amma “Qarabağ”ın heyətindəki oyunçuların ustalığına, keyfiyyətinə baxanda “Neftçi”nin onları üstələməsi real görünmür”.

“Ağ-qaralar”ın sabiq çalışdırıcısı Ağdam təmsilçisinin mart ayından çempionluğu rəsmiləşdirməsinə belə münasibət bildirib:

“Yaxşı olardı ki, çempion bu qədər tez bəlli olmasın. Çünki belə olanda Premyer Liqada maraq olmur. İstəyirik ki, “Neftçi” də daxil olmaqla digər klublarımız “Qarabağ”la rəqabət aparsın. Bu zaman çempionatın səviyyəsi yüksək olardı. Ümid edək ki, gələcəkdə daha rəqabətli mövsümlər bizi gözləyəcək”.

“Neftçi”ylə “Qarabağ” arasında keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu bu gün saat 20:00-da start götürəcək.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43