Ölkə futbolu

“Neftçi”nin sabiq baş məşqçisi: “Ürəkləri istəyən kimi oynayırlar”

2007/08 mövsümündə “Neftçi”ni çalışdırmış çexiyalı məşqçi Vlastimil Petrjela DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Rusiya matçı barədə fikir bildirib:

“Bu yaxınlarda Rusiya yığması Azərbaycanla qarşılaşacaq. 2007/08 mövsümündə mən “Neftçi”də çalışmışam”.

Sankt-Peterburq “Zenit”inə rəhbərlik etməsi ilə rusiyalılara da yaxşı tanış olan Petrjela vaxtilə çalışdığı 2 ölkənin futbolu haqda danışıb: “Rusiya və Azərbaycan futbolu arasında çox böyük fərq var. Orada stadion yoxdur. Çempionatın yarısı Bakıda keçirilir. Paytaxtdan kənarı təmsil edən bir neçə komanda – “Xəzər Lənkəran”, “Qarabağ” var”.

Çalışdırıcı futbolçularımızın zəif cəhətini də açıqlayıb: “Digər tərəfdən, orda çox istidir. İlboyu məşq etmək mümkündür. Azərbaycanda futbolçular çox yaxşı, texnikalıdır. Rusiyadakı kimi onların da fiziki hazırlıqla daha çox problemləri var. Taktika ilə isə lap çoxdur. Bu üzdən də ürəkləri istəyən kimi oynayırlar. Azərbaycanlı oyunçularla sərt olmaq lazımdır. Mən “Neftçi”yə gələndə komanda çempionatda 8-ci idi. Məşqlərdə yükləmələrə başladıq. Bu da ki, futbolçuların xoşuna gəlmirdi. Nəticədə 3-cü pilləyə qalxdıq”.

Petrjela “Neftçi”də ona vaxt verilməməyindən şikayətlənib: “Azərbaycan klubunun Çempionlar Liqasında oynaması hələlik mümkünsüzdür. Lakin əminəm ki, “Neftçi” mənə 2-3 il vaxt versəydi, komandanı bu səviyyəyə qaldırardım”.

Petrjela Rusiyanın Bakıda keçiriləcək oyunda qalib gələcəyini düşünür: “Dünya çempionatının evdəki seçmə oyununda Azərbaycan millisi çox çalışacaq. Çünki bu ölkədə rusları sevmirlər. Bakıda stadion dolacaq, əla ab-hava olacaq. Onların yığması özünü öldürəcək, lakin xal qazanmayacaq. Düşünürəm ki, Rusiya qalib gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43