Müsahibə

“Neftçi”nin Sloveniyadakı qəhrəmanı: “O söhbətlər bizdə yoxdu” – MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Mirhüseyn Seydiovun idmanxeber.com saytına müsahibəsi.

– Bakıdakı yenilgininn ardından Sloveniyada “Koper”ə belə bir hesabla qalib gəlib, tur adlamanıza inananlar çox az idi. “Koper” üzərindəki qələbəni necə şərh edərdin?

Azarkeşlərimizin hamısı olmasa da, inananlar da var idi. Mən özüm də söz vermişdim ki, biz səfərdə qalib gəlib, mərhələni adlayacağıq. Sevindirici haldır ki, biz “Koper”i məğlub etdik.  Rəqib asan bir komanda deyildi, ancaq biz var gücümüzü ortaya qoyub, mərhələni adlaya bildik. 

– “Koper”in baş məşqçisi komandası azlıqda qaldıqdan sonra məğlub olduqlarını deyib. Sən bu haqda nə deyərdin?

Bununla razılaşmıram. Bizim ilk hissədə xeyli imkanlarımız oldu. Ancaq səbrli oynayıb, nəticədə mərhələ adladıq. Biz ikinci topu vurana qədər o anı gözləyirdik.

– Bakıda əvəzetmədən meydana çıxdın. Lakin Sloveniyada Böyükağa Hacıyev sənə əsas heyətdə şans verdi və sən bunu doğrultdun. Əsas heyətdə meydana çıxacağını gözləyirdinmi?

Düzdü, ilk oyunda Hacıyev  mənə güvənməmişdi. Ancaq hazırlaşırdım və bilirdim ki, Sloveniyada əsas heyətdə meydana çıxa bilərəm. Bundan sonra da mənə nə qədər şans versələr əlimdən gələni edəcəm ki, özümü yaxşı tərəfdən göstərim. 

– Göstərdiyin oyun və vurduğun qol Bakıda sənən güvənməyən Böyükağa Hacıyevə bir cavab deyildi?

Yox, o söhbətlər bizdə yoxdu. Ya özümüzü sübut eləmək, ya başqa … Nə vaxt şans verilsə meydana çıxıb, var gücümüzü ortaya qoyuruq.

– III təsnifatdakı rəqibiniz “Çixura”dı. Hansı ki, Türkiyədə iki dəfə yoxlama görüşündə bu komandayla qarşılaşmısız.

İki dəfə Boluda onlarla qarşılaşmışız. Əgər onlar “Bursaspor” kimi bir komandanı keçiblərsə demək ki, elə-belə komanda deyillər. Yaxşı hazırlaşsaq, bu komandanı da keçmək gücündəyik. “Çixura” səddini keçmək olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43