Müsahibə

“Neftçi”nin yeni transferi: “Karyeramda belə bir şey olmamışdı” (MÜSAHİBƏ)

“Neftçi”nin yeni transferi Fransisko Qarsiya “Kəpəz”lə keçirilən oyundan sonra İdmanxeber.com-a müsahibə verib.

– “Neftçi” istədiyi oyunu nümayiş etdirə bildi?

– Uzun yolun başlanğıcıdı. Addımlarımızı indi atırıq. İstədiyimizi növbəti oyunlarda daha yaxşı şəkildə yerinə yetirəcəyik.

– Debüt etməyinizə baxmayaraq, meydanda özünüzü rahat hiss edirdiniz. Adaptasiyanı tez keçməyinizə nə kömək etdi?

– Komandada olan ab-hava bu işdə köməyim oldu. Oyunçular arasında birlik var. Üstəlik, baş məşqçinin etimad göstərməsi də işimi asanlaşdırdı. Əlbəttə, çalışıram ki, onun etimadını doğruldum.

– Dediniz uzun yolun başlanğıcındasınız. Halbuki mövsüm üçü finişə doğru gedir. Sonda hansı nəticəni gözləyirsiniz?

– Oyunumuzu yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq. Mümkün qədər baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməliyik. Qarşımıza nə məqsəd qoyulsa, ona çatmaq üçün mübarizə aparacağıq.

– “Neftçi” yoxlama oyunu olsa belə, 1:8 hesabı ilə məğlub oldu. Karyeranız ərzində belə yenilgi ilə üzləşmişdiniz, yoxsa bu, bir ilkdi…

– Xeyr, belə böyük nəticə olmayıb karyeramda. Amma futbolda bu cür nəticələr qaçılmazdı. Ruhdan düşmək olmaz. Üzərimizdə işləməliyik.

– Yəqin bir günə əvvəl keçirilən oyunları izləmisiniz və çempionatımız haqda ilkin təəssüratlar formalaşıb. Gözlədiyiniz mənzərə ilə qarşılaşmısınız?

– Əksinə, gözlədiyimdən də effektli oyunlar gördüm. Çünki komandaların hamısı bir-biri ilə sona qədər mübarizə aparır. Demək olar, əksər komandaların səviyyəsi bir-birinə yaxındı. Bizi çətin bir yol gözləyir və çalışacağıq uğurla irəliləyək.

– Artıq çəkidən əziyyət çəkən hücumçunu topla təmin etmək, ona ötürmələr vermək çətin deyil?

– Hər futbolçunun öz oyun üslubu var. İşim hücumçuları qol ötürmələri ilə təmin etməkdi. Çalışıram üzərimə düşən işi görüm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43