Köşə yazıları

Nəvə-Nəticəsi var, nəticəsi yoxdu – YAZI

İnsanların ürəyinə yol tapmaq üçün gərək elə iş görəsən ki, sonda hər kəs səndən razı qalmasa da, narazılıq da olmasın. İndi gəl bu kəlməni Toşaklı "Xəzər Lənkəran"a aid etmə.

Yadımdadı, Toşak "Xəzər Lənkəran"la anlaşanda, bütün məsələlər öz həllini tapanda və sadəcə rəsmi müqavilə imzalamaq qalanda mart ayının 8-i idi. Böyük ümidlər bəslənilən uelsli mütəxəssis gəlişinin ardından göstərdiyi ilk və son gözə çarpan işi mətbuat konfransında səmimi etirafları oldu. "Biz zəifik", "Rəqib bizdən güclü idi", "Biz 1 xal qazandığımıza görə şükür etməliyik" "Dəvədən böyük fil var" və s…
Qələbə qazanılan oyunlarda belə britaniyalının qələbəni haqq etdiklərini dediyini görmədim. Məsələ, deyib-deməməsində yox, sonradan göstərilən zəif oyunlar və qazanılan "nəticələr"dən gedir. Siz bilirsinizmi ki, Toşak bu posta gələndən bu yana neçə rəsmi oyunda qələbə qazanıb?

Xatırlamayanlar üçün yaddaşı təzələyim ki, "Xəzər Lənkəran" "Real"la, "Beşiktaş"la işləyənToşakın rəhbərliyi altında 22 rəsmi oyuna çıxıb. Bunlar avrokubok, Premyer Liqa və ölkə kubokunun oyunlarıdı. 22 oyunda qazanılan qələbələrin sayı isə cəmi 5-ə bərabərdi. "Kəpəz"lə iki, "Turan"la bir, çempionat matçında qazanılan qələbələrin yanına, bir də "Slima" ilə Avroliqa matçını və "Bakı" ilə kubokun cavab oyununu qoyun, "stop" deyin.

Budur Toşakın gələcək vəd edən komandası. 22 oyunda 10 məğlubiyyət. Necədi sizin üçün? Digər 7 qarşılaşmada isə heç-heçə olub.

Qısacası, nəvə-nəticə sahibinin XL-də nəticəsi yoxdu.

PS. Açıq deyəcəm, qınayanlar işində olsunlar. Bugünə kimi rəbərlik transferlərə müdaxilə edir deyə, mən də fikirləşirdim. Mübariz Mənsimovun şəxsi istəyi ilə kluba gətirilən məşhur simaya ki, müdaxilə edən yoxdu. Seçdiyi, ortaya çıxartdığı "məhsullar" isə göz qabağındadı. 10 illiyin qeyd edəcək klub, hal-hazırda 10-cu pillədə olması elə Toşakın işinin "bəhrəsi"di. Mənə "Toşak neyləsin?" deməyin. "Neyləyib ki?" – deyəcəm haaa.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43