08 Sentyabr 2024
Ölkə futbolu

“Niyə “Qəbələ”yə heç nə deyilmir, hamı bizə təzyiq edir?” – “Kəpəz”in legioneri

Azərbaycan Premyer Liqasının XV turunda “Kəpəz” evdə “Sabah”a məğlub oldu (0:2). Komanda bu məğlubiyyətlə sonuncu sırada qalmağa davam edir. Yeni baş məşqçi Adil Şükürov rəhbərliyindəki kollektiv 10 xalla 10-cu pillədə qərarlaşıb.

“Sarı-göylər” “Sabah” görüşündə yaxşı təsir bağışlasa da, meydandan xalsız ayrıldı. Amma göstərilən oyun gələcək üçün cuzi də olsa bir ümiddir. Sözügedən qarşılaşma və “Kəpəz”in hazırkı durumu barədə komandanın təcrübəli futbolçusu Yeqor Xvalko ilə söhbət etdik.

O, İdmanxeber.az saytına verdiyi müsahibədə “Kəpəz”in daha yaxşı yerlərdə olacağını bildirdi:

– “Sabah” oyununda xal qazanmağınız üçün nə çatmadı?

Təbii ki, epizodlardan yararlana bilməmək. İki sürətli hücumla geriyə düşdük. Bu qarşılaşmada qol vurmalı idik, ancaq alınmadı. Hücumda son zərbələr uğursuz oldu. Bu, onların səviyyəsi ilə bağlı bir şey deyil. Çünki hücumçularımız İspaniya, Fransa kimi ölkələrdə çıxış edib. Bu yetərincə yüksək səviyyədir.

– Yeni baş məşqçinin gəlişi çox şeyi dəyişib?

Bəli. Yeni məşqçilər korpusu futbola başqa cür baxır və bu normaldır. Hər məqşçinin öz oyun tərzi var. Məncə, bir az daha rahat oynamağa başlamışıq, qol vurmağa daha çox şanslarımız olacaq.

– Müdafiədə sanki aqressivlik yoxdur. “Sabah” çox rahat oynayırdı…

Belə deməzdim. Amma səhvlərimizə görə bizə qol vurdular, futbol da bundan ibarətdir. “Sabah” bizim səhvlərimizdən istifadə etdi, biz isə yox. Bəli, ikinci hissə daha rahat oynadılar. Çünki hücumu düşündüyümüz üçün “Sabah”a geniş zonalar verirdik. Ona görə də onlar daha rahat oynaya bilirdi.

–  Artıq azarkeşlərin sizə olan təpkisi pik həddə çatıb. Onları sakitləşdirə biləcəksiniz?

Onları başa düşürəm. Bu qədər məğlubiyyətə necə dözsünlər? Mən də uduzmağı sevmirəm. Heç birimiz bu durumdan razı deyilik. Kifayət qədər səviyyəli, güclü komandamız var. Şablon səslənsə də, bizə vaxt lazımdır. Hər şey yaxşı olacaq. Buna inanıram. Keçən mövsüm də çətin dövür oldu, amma vəziyyətdən çıxdıq, xarakter göstərdik. Bu mövsüm də bunu bacara bilərik. 

– Bacara bilərik deyirsən. Amma hər kəs “Kəpəz”in Premyer Liqanı tərk edəcəyini düşünür…

Hələ qarşıda kifayət qədər oyun var. Hər matçda durum dəyişə bilər. “Kəpəz”lə “Qəbələ”nin durumu eynidir. Amma niyə onlara heç nə deyilmir, yalnız bizə təzyiq edilir? Rəqib də keçən mövsüm 4-cü oldu, ölkə kubokunu qazandı. Hazırkı vəziyyətə görə isə onlara heç nə deyən yoxdur. Bizim oyunumuzda irəliləyiş var, qarşıda daha yaxşı nəticələr olacaq. Bəli, biz “Qarabağ”la çempionluq mübarizəsi aparısı deyilik. Hər yerdə güclü komandalar olur. Hamının öz hədəfi var. Biz mövsümün əvvəlindən Premyer Liqada qalmağı hədəfləyirik. Bunun üçün də hər şeyi edəcəyik.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43