27 Noyabr 2024
İdman

Nizami Hacıyev jurnalistlərdən küsüb: “Guya Tərlan Əhmədovla əlbir olub, bilərəkdən “Neftçi”yə qarşı oynamamışam”

Sabah “Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirəcək.

İdmanxeber.com-un məlumatına görə, söhbət “Keşlə”nin yarımmüdafiəçisi Nizami Hacıyevin “ağ-qaralar”a keçidindən gedir. Tərəflər arasında razılıq çoxdan əldə olunsa da, sabah rəsmi müqavilənin bağlanması gözlənilir.

Transferi ilə bağlı danışan Nizami İdmanxeber.com-a açıqlamasında xırda detallara da sabah aydınlıq gələcəyini bildirdi: “Sabah məlum olacaq ki, müqavilənin müddəti nə qədər olacaq. Artıq məsələ həllini tapmalıdı. İnşallah, sabahdan “Neftçi”nin futbolçusu olacağam”.

Hacıyev son günlərdə mətbuatda dolaşan və onun haqda yazılanlardan təngə gəldiyini, rəsmən “Neftçi”nin futbolçusu olduqdan sonra lazımsız söz-söhbətlərin yığışdırılacağına ümid etdiyini söylədi: “Keşlə”nin heyətində son turda “Neftçi” ilə oyundan sonra mətbuatda bəzi yazılar peyda oldu. Guya, bilərdən oynamamışam, Tərlan Əhmədovla əlbir olmuşam və s… Onu yazan insanlara öz cavabımı meydanda verəcəyəm. Əgər o yazılanlar doğrudursa, mən necə “Neftçi”yə keçə bilərəm? Axı belə bir futbolçunu kim heyətində görmək istəyər? Ona görə bəzi jurnalistlərdən küsmüşəm. Çünki heç vaxt onlara qarşı pis olmamışam. İnşallah, yeni müqaviləmdən sonra ailəmlə bir müddət istirahət etmək fikrim var. Bu söz-söhbətlərdən yoruldum”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43