“Azərbaycan millisinin Serbiyaya uduzduğu oyunu köməkçim stadiondan izləyib. Azərbaycan millisi yeni baş məşqçinin gəlişindən sonra martda Maltanı məğlub etdi. Biz həmin matça da baxmışdıq. Onlar əsasən 4-5-1 taktiki sxemi ilə oynayırlar”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo “Avro-2016″nın seçmə mərhələsində Azərbaycanla matç öncəsi deyib.
Təcrübəli çalışdırıcı bu gün yoldaşlıq görüşü keçirəcəkləri İsveçlə Azərbaycan millisinin oyun üslubunda oxşarlıq olduğunu bildirib: “Azərbaycan yığması da az risklə oynayır. Onlar ağıllı futbola üstünlük verir. Azərbaycanla müqayisədə İsveçin üstünlüyü ondadır ki, heyətində daha təcrübəli futbolçular çıxış edir”.
Qeyd edək ki, milli komandamız iyunun 12-də “Avro-2016″nın seçmə mərhələsində səfərdə Norveçin qonağı olacaq.