14 Yanvar 2025
Kateqoriyasız

“Number one”lar

Həftəsonu keçiriləcək “Böyük oyun” bəlkə də son illərin ən maraqsız bir derbisi olacaq.

“Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək qarşılaşmaya maraq yetərincə olsa da, həm “Neftçi”, həm AFFA, həm də çempionatın keçirilməsində söz sahibi olan PFL “Böyük oyun”u kiçildəcək qərarlar qəbul edirlər.

İlk öncə hər şey  “Neftçi” tərəfindən başladı. Paytaxt klubu çempionatda ev oyunlarını keçirdiyi “Bakcell Arena”dan imtina edərək, Bakıxanov stadionuna üz tutdu. Hərçənd buna əl üzmək demək olarsa. Böyük ehtimalla “Böyük oyun”dan sonra “Neftçi” yenidən “Bakcell Arena”ya üz tutacaq. 

“Neftçi”nin bu addımı atmasında bir çox səbəblər var. İlk növbədə azarkeş amilidir ki, Cənub klubunun fanatları böyük ehtimalla sözügedən oyunda çoxluq təşkil edəcəkdi ki (qərar verilməmişdən öncə), bu məqam da azarkeşləri ondan üz döndərmiş “ağ-qaralar”ı qorxutmaya bilməz. 

“İstefa şou”ları ilə “number one” olan “Neftçi” matça marağı azaltmaqdan ötəri oyunu məhz bu arenaya salıb. Özü də saat 17:30… Yəni iş vaxtı. Düzdü, bu arenanın işıqlandırma sistemi yoxdu. Ancaq “Böyük oyun” üçün alternativ variantlardan istifadə etmək olardı.

“Neftçi”nin bu qərarının ardından AFFA bugün qonaq azarkeşlərin stadionda iştirakına qadağa qoyub. Ötən ildən verilən və yalnız ötən mövsümə aid olan qərardan qorxan qurum onu yenidən qüvvədə saxlamağı məsləhət bildi. Bu qərardan sonra hansı “Böyük oyun”dan danışmaq olar ki?

Çempionatın keçirilməsində söz sahibi olan PFL isə heç bir addım atmadı. Ola bilsin verilən açıqlamalarda “biz də bunu istəyirik” tipli cümlələr yer alsın. Ancaq Ramin Musayev istəsəydi “Böyük oyun” adına layiq formada keçirilə bilərdi. 

Hələ komediya qabağdadı. “Neftçi” və “Xəzər Lənkəran” arasındakı prinsipial matç yayım proqramına salınmayıb.

İndi yuxarıda yazdıqlarımı bir də oxuyaq… Bütün bu amillər “Neftçi” tərəfinin lehinədi. İstər azarkeş qadağası, istər stadion, istərsə də canlı yayım…

Siz deyin, “Neftçi”, AFFA , PFL Azərbaycan futbolunun inkişafını istəyirmi? 

“Böyük oyun”u kiçildən “number one”lara ar olsun!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43