“Yeddinci oyunumuzu keçirdik. Bu müddət ərzində problemlərimiz eynidir. Yaxşı hücumlar qurur, oyuna nəzarət edirik. Amma çox adi bir epizodda qol buraxırıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Qəbələ” ilə oyundan (1:1) sonrakeçirdiyi mətbut konfransında deyib.
Türkiyəli çalışdırıcı futbolçularından razı qaldığını bildirib: “Komanda məğlub duruma düşsə də, sonra toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək istəmirəm. Lakin məlumdur ki, heyətdə yer alan bəzi futbolçular öz potensialından aşağı səviyyədə çıxış etdilər. Düşünürəm ki, milli üzvləri bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”.