25 Dekabr 2024
Müsahibə

Olimpiya çempionumuz: “Güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım” (MÜSAHİBƏ)

Olimpiya çempionu Toğrul Əsgərovun “Kəpəz” azarkeşi olması heç kimə sirr deyil. Güləşçi doğma şəhərinin komandasına könül verənlərdəndir. Bu səbəbdən “Bakı-2015” Birinci Avropa Oyunlarının qalibini tez-tez “sarı-göylər”in oyununda tribunada görmək olar.

T. Əsgərov Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”la səfər matçında da VİP lojada yerini tutmuşdu. Oyuna həvəslə baxan Əsgərov görüşdən sonra kapazpfc.az saytının suallarını cavablandırıb.  

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Bu gün doğma komandamızı belə görüb çox sevinirəm. “Kəpəz”in yenidən Premyer Liqaya qayıtması bütün azarkeşlər kimi mənim də hədsiz sevincimə səbəb olub. Komandamız əvvəlki əzəmətini geri qaytarmaq üçün can atır. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin rəhbərliyi altında “Kəpəz” üçün böyük işlər görülür. Buna görə Elmir müəllimə bir azarkeş kimi təşəkkürümü bildirirəm. Bir gəncəli, “Kəpəz” azarkeşi olaraq sevimli klubumuzu daim zirvələrdə görmək istəyirəm. İnşallah, komandamız ümidlərimizi doğruldub, avrokuboklarda mübarizə aparmaq şansı qazanar.
 

– Toğrul, “Kəpəz”in birinci diviziondakı oyunlarında da səni görürdük. İndi isə Premyer Liqa matçlarını izləyirsən. Hislərin fərqlidir?
– Təbii ki, Gəncə klubunun yüksək liqaya çıxması və burada mübarizə aparması hamımızı sevindirir. Aşağı liqada oynayanda gözləyirdik ki, komandamız elitaya vəsiqə qazansın. İndi arzularımız həyata keçib. Bu gün “Kəpəz”in qələbələrinin şahidiyik. Arzu edirik ki, uğurlarımız davamlı olsun. Görünür ki, komandanın perspektivi var. Baş məşqçi Şahin Diniyev döyüşkən, əzmkar komanda yaradıb. Futbolun inkişafı naminə canla-başla işlər görülür. Hamı uğur qazanmaq üçün birlikdə çalışır. Futbolçular da sağ olsunlar, azarkeşləri sevindirmək üçün oynayırlar. Hamısına minnətdaram. Elə “Kəpəz”i çılğın dəstəkləyən fanatlara da təşəkkür edirəm. İsti-soyuq demədən oyunlara gəlirlər. Bu, futbolun, “Kəpəz”in Gəncədə necə sevilməsinin təzahüdür.   

 

– Bundan sonra yəqin ki, “Kəpəz”in oyunlarında səni daha tez-tez görəcəyik.
– Ağır və sıx məşq proqramları, yarışlar heç də həmişə oyunlara baxmaq imkanı yaratmır. Mən də idmançıyam, boş vaxtlarım az olur. İmkan olan kimi “Kəpəz”in iştirakı ilə keçirilən bütün görüşlərə gələcəyəm. İstər Bakıda, istərsə də Gəncədə olsun.

– Gəncəli uşaqların əsas arzusu “Kəpəz”də oynamaq olub…
– Elə mənim də. Həmişə demişəm ki, güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım. Çünki futbolu çox sevirəm.

– Necə düşünürsən, güləşdə olduğu kimi futbolda da uğurlar qazanıb, tanınmış oyunçu ola bilərdin?
– (gülür) Hər şey qismətdən asılıdır, bilmək olmaz. Kimin taleyinə nə yazılıbsa, o da olacaq. Yəqin ki, mənim taleyimə güləşmək yazılıb, yolum budur. Əgər futbolçu olsaydım belə düşünürəm ki, tanınmış ola bilərdim. Güləşdə canımı qoyduğum, xarakter göstərdiyim kimi futbolda da eyni şeyləri edərdim.

 

– Yaxşı bilirəm ki, təkcə futbola baxmaqla yox, oynamaqla da aran yaxşıdır.
– Düz deyirsən, hər həftə yığışıb uşaqlarla futbol oynayırıq. Bakıda və ya Gəncədə olmağımdan asılı olmayaraq tez-tez futbol oynamağı sevirəm. İmkan tapan kimi uşaqlara qoşulub oynayıram. İnanın ki, dayanmadan 3-4 saat oynaya bilərəm. Güləş üzrə yığma komandamızda hamı necə oynadığımı yaxşı bilir. Futbolun adı gələn kimi birinci mənim adımı çəkirlər, oynamağa çağırırlar. Yəqin ki, oynamağı bacarıram ki, dəvət edirlər.

 

– Sən həm də ölkəmizin dövlət nümayəndələrindən ibarət futbol komandasının üzvüsən.
– Bəli, bir dəfə Azərbaycan və Rusiya dövlət nümayəndələri arasında keçirilən yoldaşlıq matçında mən də iştirak etmişəm. Gələn il isə belə qarşılaşma Rusiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43