Kateqoriyasız

“Ondan sonra “Benfika”dan bir xəbər çıxmadı” – Rəşad Sadıqov

Premyer Liqanın XX turu çərçivəsində “Zirə” öz meydanında “Qarabağ”la qarşılaşıb və rəqibinə məğlub olub – 0:3.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyun haqda bunları deyib:

– Uğurlu seriya yaxalamışdıq. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. “Neftçi” və “Qarabağ” kimi komandalara qarşı daha müdafiəyəmeyilli oynayırsan. Bu gün dəyişiklik etmədik. Təəssüf ki, ilk hissəni uğursuz keçirdik, rəqibə qol vurmaq imkanı yaratdıq. Oxunan kombinasiya idi. Sayıqlığı itirdik və hesabda geri düşdük. Fasilədən sonra fürsətlərimizin olacağını düşünürdük. Penaltidən sonra oyunun nəticəsi bəlli idi. Əgər “Qarabağ” kimi komandaya qaşrı 0:2 geri düşürsənsə, bundan sonra çətin olur. Oyunu çevirmək mümkün deyildi. 0:3 məğlub olduq. Komandama təşəkkür edirəm. Uğurlu trayektoriya cızmışıq. Hər oyunda qalib gəlmək çətindir. Xüsusilə belə rəqiblərə qarşı. Qış fasiləsindən sonra ən yaxşı “Qarabağ”ı gördük. Tam başqa motivasiya ilə oynayır, aqressiya göstərirdilər. İlk dəqiqədə necə başladılarsa, sona qədər elə oynadılar. Belədə sən də daha ürəkli olmalısan. Bunu edə bilmədik.

– Son oyununuz qara görə 2 gün davam etmişdi. Həmin matçın hazırlığınıza təsir etdiyini düşünürsüz?
– Düşünmürəm. Proqramımız pozulmuşdu. Amma bunun təsirinin olduğuna inanmıram.

– Penalti epizodunu qırılma nöqtəsi hesab etmək olar?
– Ona qədər də rəqib böyük üstünlüklə oynayırdı. 0:1, 0:0 “Qarabağ”a qaşrı təhlükəli deyil. Amma 2-cü qoldan sonra nəyisə dəyişmək çətindir. Bu penaltidirsə, “Qəbələ”dəki nə idi? Kadinin epizodu ofsayd deyilsə, Təmkinin epizodu niyə ofsayddır? Hakimlikdən çox danışmaq olar. Biz “Zirə” olaraq tez-tez bu situasiyalarla üzləşirik.

– Qarşıda iki çətin oyununuz var: “Neftçi” və “Sabah”a qarşı…
– Əvvəldən proqnoz vermək çox çətindir. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmağımız real görünmür. Mövsümün əvvəlində çoxsaylı hakim səhvləri olmasaydı, bu gün fərq az ola bilərdi. “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək komanda “Neftçi”dir. Digər komandalar 3-cülüyə oynayır. Ağır qrafikə düşmüşük. 4 çətin oyunun 3-ü səfərdədir. Çalışacağıq ki, qarşıdakı oyunlardan xallar qazanaq.

– Bundan sonrakı hədəf nədir: medalçı olmaq, yoxsa avrokuboka düşmək kifayətdir?
– Hədəf avrokuboka düşməkdir. Ancaq əlbəttə mükafat qazanmağı da hamı istəyər, çempion olmağı da. Nə qədər alınacağını zaman göstərəcək. “Qəbələ” ilə “Sabah” da yaxşı performans göstərir. Avrokuboka düşmək də çətindir.

– Milli fasilədə hazırlıq necə olacaq?
– Hələ heyət bilinmir. Cəlal U-21-ə, Volkov Gürcüstan yığmasına gedir. Bir tərəfdən milli üzvlərinin çox olmasını istəyirsən, digər tərəfdən oyunçuların qalıb hazırlaşmasını. Amma yığma da vacibdir. Nə qədər çox futoblçu dəvət alsa, sevinərik.

– “Benfika”nın Cəlal Hüseynovla maraqlandığı deyilirdi. Bu məsələ qapanıb?
– Yayda belə bir ehtimal var idi. Ondan öncəki qış baxışa dəvət olunmuşdu. Pandemiyaya görə gedə bilməmişdi. Yayda da deyildi ki, izləyəcəyik. Ondan sonra “Benfika”dan bir xəbər çıxmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43