26 Dekabr 2024
Ölkə futbolu

“Önəmli olan komandamızın qalib gəlməsi və məşqçilərin mənə inanmasıdır”

Premyer Liqanın XI turu daha bir “Qəbələ” Futbol Akademiyası yetirməsinin əsas heyətdə debüt etməsi ilə əlamətdar olub.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Sumqayıt”la qarşılaşmada start heyətində yer alan Elvin Camalov klub tarixinə 162-ci futbolçu kimi düşüb.

18 yaşlı debütanta qədər qırmızı-qara formanı 161 oyunçu geyinmişdi. Elvin “Qəbələ”nin tarixində 88-ci yerli futbolçudur. Digər 74 oyunçu isə legionerlərdir. Yarımmüdafiəçi Premyer Liqada “Qəbələ”nin şərəfini qoruyan 147-ci oyunçu olub. “Qəbələ”-“Sumqayıt” (2:0) matçının ardından debüt barədə təəssüratlarını klubun rəsmi saytına bölüşən Camalov ilk oyununda həyəcan hiss etdiyini söyləyib:

“İlk matçım olduğu üçün müəyyən qədər həyəcan hiss etdim. Bu həyacan matçın startında daha çox idi. Amma sonradan matçın tempinə uyğunlaşa bildim. Məşqçilər öncədən ilk ötürmənin çox önəmli olduğunu söyləmişdilər. Birinci ötürməm dəqiq alındı və nisbətən rahatlaşdım. Önəmli olan komandamızın qalib gəlməsi və məşqçilərin mənə inanmasıdır. Debüt oyunumda bunların hər ikisi baş verdi. Məşqçilərimizin inamını nə dərəcədə doğrultduğumu isə ən yaxşı onlar bilər. Meydançada əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bundan sonra da məşqlərdə səylə çalışacam. Hədəfim əsas heyətdə oyun praktikamı artırmaq və komandada möhkəmlənməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43