Kateqoriyasız

“Onların uyğunlaşması üçün vaxt lazımdır” – Aleksey Baqa

Misli Premyer Liqasının I turunda keçirilən “Sabah” – “Sumqayıt” matçından (3:0) sonra qonaq komandanın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Oyuna kifayət qədər inamsız başladıq. Buna bir neçə səbəb gətirə bilərik. Çempionat yeni başlayıb. Qazanmaq istəyirdik. İlk hissədə rəqibə oynamağa imkan verdik. İkinci hissə hesabı bərabərləşdirmək istəsək də, alınmadı. Mövsümə uğursuz başladıq.

– Standard vəziyyətlərdə xüsusi tapşırıqlar olurdu. Bu, sizin vizit kartınızdırmı? Növbəti oyunlarda “Sumqayıt”ı fərqli rakurslardan izləyə biləcəyik?
– Bu, bizim vizit kartımız olacaq deyə, bilmərəm. Hər komandanın standard zərbələrdə tapşırıqları olur. Qol vurub, hesabı dəyişmək istəyirdik. Alınmadı.

– Transferlər çoxdur. Komandanın əsil gücünü göstərməsi üçün nə qədər vaxt lazımdır?
– Bu gün bizə gələn yeni futbolçular üçün hər şey yenidir. Onların uyğunlaşması üçün vaxt lazımdır. Bu prosesin tez olması üçün çalışırıq. Bizim üçün yeni dönəmdir. İlk dəfədir ki, heyətdə legionerlər var. Kəmiyyət keyfiyyət deyil. Hər oyunçuya vaxt lazımdır.

– Sanki Çabinin ayağında ağrılar var idi. Komandanın həkimləri bu barədə sizə bildirmişdi?
– Çabinin məşqdən sonra ağrıları var idi. Həkimlər lazımi işləri gördü. Səhər onun ağrısı olmadığını dedilər.

– Legionerli “Sumqayıt”, yoxsa legionersiz?
– Bu haqda danışmaq futbolçulara və məşqçilərə qarşı düzgün olmaz. Əvvəl legionersiz komanda uğurlar əldə edib. Bu haqda nəsə demək düzgün olmaz.

– Ötən mövsümün sonunda Vurğun Hüseynov müdafiədə oynayanda komanda uğurlu çıxış edirdi. Bu gün ehtiyatda qaldı. Elvin Bədəlova daha çox etimad göstərirsiz?
– Kimin yaxşı, kimin pis olduğunu demək olmaz. Heyət seçimim belə idi. Qolda kimisə günahlandırmaq istəmirəm. Zəncirvari səhvlər idi. Digər tərəfdən baxanda bizim də hücumlarımız olurdu, ancaq cinahdan ötürmələrimiz boş zonalara gedirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43