Müsahibə

“Onun öz problemləri var, mənim öz problemlərim” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Benjamin Toşak dünən “Rəvan”la oyunda alınan heç-heçəni şərh edib.

Uelsli mütəxəssis komandasının qeyri-stabil çıxışı, Nildonun göstərdiyi oyun və digər məqamlara toxunub.

– 35 ildir ki, futboldayam. 7 fərqli ölkədə çalışmışam. Amma belə halı ilk dəfədir ki, görürəm. Bu qədər qol epizodundan istifadə etməmək olar? Biz bu gün 5 oyunu əhatə edə biləcək qədər qol epizodu yaratdıq. Top içəri girmək istəmədi. Biz bu gün 1 xal qazanmadıq, iki xal itirdik.

– Qol vəziyyətləri yaratmaq əlbəttə ki, bir komandanın üstünlüyüdür. Amma onlardan istifadə etməyincə qol vəziyyətlərinin də bir əhəmiyyəti qalmır. Siz bu qədər epizodu niyə boşa xərcləyirsiniz? 25 epizod yaradıb 1 qol vurursunuz. Bu sizin və “Xəzər Lənkəran”ın problemidir. Səbəb və problemlər nədir?

– Mən meydançaya çıxıb qol vura bilmərəm. Mən öz qollarımı vaxtilə vurmuşam. Və bu işi bitirmişəm. Kifayət qədər qol vurmuşam. Bizim ölkədə bir deyim var. Atı çayın kənarına su içməyə aparırsan. Amma o su içmir. Sən nə edə bilərsən?

– Matçın gedişində rəqibin baş məşqçisi Vladislav Qədirovla iki dəfə söz atışmanız oldu. Bunu siz başladınız. Niyə əsəblərinizə hakim ola bilmirsiniz?

– Nə vaxt? Yadımda deyil..Hərə öz komandasını düşünürdü. Onun öz problemləri var, mənim öz problemlərim.

– Nildo çempionatda cəmi 4 qol vurub. Bu gün qol vursa da, çox sayda epizodu da boşa vermiş oldu. Bəlkə biir oyun Nildosuz oynayasınız?

– Nildo çalışır, əziyyət çəkir. Nildo qol vəziyyəti yaratmaq üçün çalışır. Mən qol vəziyyəti yaradan futbolçuları sevirəm. Bəli, Nildo həm epizod yaratdı, həm də səhvlər etdi. Əminəm ki, Nildo bu geecə yatmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43