“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı İdmanxeber.az saytına müsahibə verib.
Ötən mövsümün ikinci yarısını icarə əsasında “Turan Tovuz”da keçirən 23 yaşlı futbolçu keçən “futbol ili”ni dəyərləndirib. “Ağ-qaralar”la müqaviləsi davam edən Zülfüqarlı gələcək karyerası barədə də söz açıb:
– Mövsümü “Turan Tovuz”da tamamladın. Necə dəyərləndirirsən? Uğurlu mövsüm keçirə bildin?
Çempionatın ilk yarısında “Neftçi”də ehtiyat skamyasında otursam da, qışda yeni bir səhifə açıldı. Davamlı oynamaq üçün icarəyə getmək istədim. “Turan Tovuz” şansı var idi, mən də dəyərləndirdim. Komanda, məşqçilər heyəti mənə çox güvənirdi. Onlardan çox şeylər öyrəndim. Demək olar ki, bütün matçlarda mənə şans verildi. Özümü yaxşı tərəfdən göstərdiyimi düşünürəm. “Turan Tovuz” üçün əlimdən gələni etdim.
– “Neftçi” ilə müqaviləm var. Növbəti mövsüm səni “ağ-qaralar”da görə biləcəyik?
Bəli, sözləşməm davam edir. Yeni mövsümün hazırlığı başlayanda “Neftçi”yə qoşulacam. Ancaq klubun mənimlə bağlı qərarını bilmirəm. Məşqçi də hələ yoxdur. Bunlar hamısı gələcək karyeram üçün vacib amillərdir. Yəqin ki, baş məşqçi təyin ediləndən sonra oturub danışacağıq.
– Səncə, ötən mövsüm “Neftçi”də oynamağa layiq idin? Miodraq Bojoviç sənə niyə şans vermədi?
Əlbəttə, forma geyinməyə layiq idim, oynayardım da. Sadəcə, məşqçilər heyəti özlərinə bəlli bir “11-liy” təyin edir. Bundan sonra isə qərar dəyişmir. Nə qədər yaxşı məşq edirsən, hazırlaşırsan xeyiri olmur. Qərarlarını dəyişmirlər. Geridə qalan 5 ilə baxsaq, hansısa futbolçudan zəif məşq etdiyimi görə bilməzlər. Ancaq dediyim kimi, bəzən məşqçilər qərarlarını dəyişmir.
– Komandanın avrokuboklardan kənar qalması sənə necə təsir etdi?
Ölkənin ən böyük klubunun Avropaya gedə bilməməsi çox üzücüdür. Heç bir futbolçu avrokuboklardan kənar qalmaq istəməz. Təəssüf ki, belə alındı. Ümid edək ki, gələn mövsüm hər şey yaxşı olacaq.
– Davamlı sənin barəndə transfer xəbərləri çıxır. Bunları necə şərh edirsən?
Mən də görürəm, oxuyuram. Bəzi təkliflərim var. Ancaq hər şeydən öncə davamlı oynamaq, inşikaf etmək lazımdır. Əsas hədəfim komandada ilk “11-liy”ə düşməkdir. Mənim üçün hansı klub uyğun olacaqsa, oranı da seçəcəm.
– Hazırda “Neftçi”də oynamaq çox çətindi. Nəticə yoxdu, ciddi azarkeş təzyiqi var. Bunlar səni qorxutmur?
– 2011-ci ildən “Neftçi”dəyəm. Akademiyada, əvəzedici heyətdə hər kəs bu klubda çempionluq istəyir. 2019-cu ildən isə artıq əsas komandaya yüksəldim. Kifayət qədər azarkeş təzyiqi görmüşəm. İnkişaf etmək, böyümək üçün bunlar da lazımdır. Mənim üçün heç bir çətinliyi yoxdur.
Həsən Quluzadə