“Partizan” klubunun prezidenti Draqan Dyuriç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi” ilə cavab oyunu öncəsi Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyevin Belqraddakı abidəsi ilə bağlı yaranan qalmaqalla bağlı açıqlama yayıb.
İdmanxeber.com-un məlumatına görə, Belqrad klubunun başqanı günahkarların cəza alacaqlarına ümid etdiyini bildirib:
“Partizan” bu hadisə ilə bağlı təəssüfünü bildirir. “Neftçi” və “Partizan” arasındakı bu oyunlar zamanı yaranan belə bir yersiz və ekstremal təxribatdan çox narazıyıq. Biz hesab edirik ki, bu, Azərbaycan və Serbiya arasındakı əməkdaşlığa, dostluq münasibətlərinə zərbə vurmaq cəhdidi. İnanırıq ki, bu cəhd uğursuzluqla nəticələnəcək və insidentdə günahı olanlar hüquqi cəzalarını alacaqlar.
Bizim arzumuz Serbiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirməkdi”.