Ölkə futbolu

Paşayev idarə etdi, bizimkilər izlədi, “Qarabağ” “sözünü” dedi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” ikinci yoxlama görüşünü keçirib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyunda “Skenderbeu”nu məğlub edən “Qarabağ” bu dəfə eyni aqibəti “Styaua” klubuna yaşatdı – 2:0.

Görüşü Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Bu işdə ona Akif Əmirəli və Namiq Hüseynov köməklik göstərib.

Qarşılaşmanı izləyənlər arasında “Neftçi”nin və “Səbail”in məşqçi heyətinin tam tərkibi, menecerlər, milli komandanın nümayəndələri də yer alıb.

“Qəbələ” ilə oyundakı məlum səhvindən sonra qara siyahıya düşən qapıçı Boyan Şaranov kənarda oturmuşdu. Qurban Qurbanov oyun zamanı Şahruddin Məhəmmədəliyevlə İbrahim Şehiçə şans verib.

Oyunun ilk dəqiqələrində zədələnən kapitan Rəşad Sadıqovun yerinə meydana Elvin Yunuszadə daxil olub. Muarem Muarem isə oyunun sonlarında eyni problemlə qarşılaşıb. O, baş məşqçidən əvəzlənməsini istəyib. Hər iki futbolçunun durumuna müayinədən sonra aydınlıq gələcək. Zədədən əziyyət çəkən Reynaldo, Coşqun Diniyev və Elşən Abdullayev isə oyunda ümumiyyətlə iştirak etməyiblər.

Oyunun ən fəallarından biri isə Ağdam klubunun yeni transferi Ağabala Ramazanov olub.

“Qarabağ” bu oyunda tam diktə edən tərəf idi. Matçın 65-ci dəqiqədən sonra meydançada gənc futbolçuların üstünlük təşkil etməsinə baxmayaraq, Ağdam klubu rəqibin üstünlüyü ələ almasına imkan yaratmadı. Reynaldo və Almeydanın (oyuna 65-ci dəqiqədən qoşulub) yoxluğu oyunun tempinə bir qədər mənfi təsir etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43