İdman

Paytaxt təmsilçisi bu futbolçuları göndərir – EKSKLÜZİV

“Səbail” klubunun qış fasiləsindəki hazırlıq planı və transfer pəncərəsində göndərmək istədiyi futbolçular məlum olub.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi cari mövsümün əvvəlində heyətə cəlb etdiyi bəzi legionerlərlə vidalaşmağı planlaşdırır. Aldığımız xəbərə əsasən, baş məşqçi Samir Əliyevin “qara siyahı”sının ilk pilləsində litvalı müdafiəçi  Eqdaras Jarskisin adı yer alıb. Arxa xətt oyunçusunun mövsümün sonuna qədər müqaviləsi olsa da, klub onun sözləşməsinə qarşılıqlı şəkildə xitam verməyi düşünür. Jarskislə yanaşı, Renan Tellesə də qışda qapının yeri göstəriləcək.

Adıçəkilən futbolçulardan fərqli olaraq, Jarjue Maudo və  Tamazi Tsetsxladze ilə yollar ayrılmayacaq. Klubdakı digər legionerlərə nisbətən daha az məvacib alan, bununla belə daha çox can yandıran futbolçulara etimad göstəriləcək. 

Hazırlıq planı çərçivəsində isə “Səbail” Türkiyəyə yola düşəcək. Debütand Antalyada təlim-məşq toplanışı keçəcək. Komanda qardaş ölkəyə yanvar ayının 19-u yollanacaq və orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43