Müsahibə

Pərviz Musayev: “Artıq komandalar “Tour d`Azerbaidjan”da iştirak etmək üçün özləri bizə müraciət edir” (MÜSAHİBƏ)

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev idmanxeber.com saytına müsahibə verib.

– Bir neçə gün sonra "Tour d’Azerbaidjan-2017"yə start veriləcək. İlk öncə yarış barədə məlumat verərdiniz…

– “Tour d`Azerbaidjan-2017” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışıdır. Artıq 4-cü ildir ki, biz bu yarışı 2.1 kateqoriyası üzrə keçiririk. Ümumilikdə isə bu yarış Azərbaycanda 6-cı dəfədir keçirilir. Yarış ölkəmizdə ilk dəfə 2012-ci ildə təşkil olunmuşdu. Həmin il Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 23 yaşadək velosipedçilər mübarizə aparırdı. 2013-cü ildə yarış 2.2, 2014-cü ildən isə 2.1 kateqoriyası üzrə keçirilir. Artıq 3 ildir ki yarışı 2.1 kateqoriyası üzrə keçiririk. Yarışın Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində də xüsusi yeri var. İllər keçdikcə yarışa diqqət daha da artır. Artıq komandalar “Tour d`Azerbaidjan”da iştirak etmək üçün özləri bizə müraciət edirlər. Bu yarışa yeni başladıqda isə biz xarici komandalara müraciət edib, yarışda iştirak etmələrini istəyirdik.

“Tour d`Azerbaidjan-2017”də 19 ölkədən 23 komanda iştirak edəcək. Onlardan 6-sı pro-kontinental, 17-si kontinental komandadır. Ötən il isə 18 ölkədən 22 komanda iştirak edirdi.

– Yarışa hazırlıqlar yekunlaşıbmı?

– Bəli. Demək olar ki, hazırlıq işlərinin əsas hissəsi görülüb. Yarışın keçiriləcəyi yollarda hazırlıq işləri yekunlaşıb. Əgər hər hansı bir yolda problem yaranarsa, bu, yarışın adına mənfi hal olar. Bir neçə gün bundan öncə “Tour d’Azerbaidjan-2017”nin Təşkilat Komitəsinin iclası keçirildi. Həmin iclasda yarışın marşrutlarının keçdiyi rayonların, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin, Səhiyyə və Nəqliyyat nazirliyinin, eləcə də digər qurumların nümayəndələri iştirak etdi. İclasda bütün nümayəndələr yarışın təşkili ilə bağlı məlumatlandırıldı və müvafiq göstərişlər verildi.

– Yarış neçə mərhələdən ibarət olacaq?

– 5 mərhələdən ibarət olacaq. Ötən illə müqayisədə builki yarışda 4-cü mərhələyə dəyişiklik edilib. Bu il Ağsu rayonunun ərazisində velosipedçilər dağlıq yollarla hərəkət edəcəklər. Sözün açığı, bu, çox çətin mərhələ olacaq. Amma buna baxmayaraq, həmin mərhələnin çətinliyi yarışa daha da rəng qatacaq.

1-ci mərhələ mayın 3-də keçiriləcək. Velosipedçilər Bakıdan Sumqayıtadək 150 km məsafəni qət edəcəklər. 1 gün sonra ikinci mərhələdə onlar Bakıdan İsmayıllıya 187 km məsafədə yarışacaqlar. 3-cü mərhələdə yarışçılar Qəbələ – Oğuz – Şəki – Oğuz – Qəbələ marşrutu üzrə hərəkət edəcəklər. Mayın 5-də baş tutacaq bu mərhələdə yarışçılar 177 km məsafə qət edəcəklər. 4-cü mərhələdə Qəbələ – İsmayıllı – Ağsu – Şamaxı – Pirqulu marşrutu üzrə yarışacaq velosipedçilər 164 kilometrlik məsafədə güclərini sınayacaqlar. Turun sonuncu – 5-ci mərhələsi isə mayın 7-də keçiriləcək. Velosipedçilər son gündə Bakı – Abşeron – Bakı marşrutu üzrə 158 km məsafə qət edəcəklər.

– Yarışın keçiriləcəyi rayonlarda bu barədə təbliğat işləri aparılıbmı?

– Bəli. Az öncə də qeyd etdiyim kimi Təşkilat Komitəsinin iclasında rayonlardan nümayəndələr dəvət olunmuşdu. Biz yarış barədə onlara lazımı məlumatları çatdırdıq və xahiş etdik ki, rayonlarda əhali arasında müəyyən təbliğat işləri aparılsın. Əslində, Ağsu rayonunu çıxmaq şərtilə digər rayonların hamısının yarış barədə məlumatı var. Çünki ötən illərdə yarış həmin rayonlarda keçirilib. Ağsuda isə bu yarış ilk dəfə keçiriləcək. Həqiqətən də, Ağsu rayon rəhbərliyi yarışın orada keçirilməsini çox istəyirdi və bizə lazımi köməkliyi göstərəcəyini də bildiriblər. Digər rayonların isə bu barədə təcrübəsi var və nə etmək lazım olduğunu bilirlər.

– İştirakçı ölkələrin komandaları Azərbaycana nə zaman gələcək?

– Artıq ayın 30-dan etibarən komandalar Azərbaycana gəlməyə başlayacaq. Mayın 2-yə qədər bütün iştirakçı komandalar ölkəmizdə olacaq. Çünki elə həmin gün məşq yürüşləri olacaq.

– Ölkəmizi yarışda təmsil edəcək “Snyergy Baku” komandasının heyəti müəyyənləşibmi?

– Demək olar ki, heyət artıq məlumdur. Yarışadək heyətdə 1-2 dəyişiklik ola bilər. Buna görə də indidən dəqiq heyəti demək mümkün deyil. Xatırladım ki, bir neçə gün bundan öncə komandamız  Mərakeş turunda iştirak etdi. 10 mərhələdən ibarət yarışda komandamızın çıxışını uğurlu hesab etmək olar. Həmin 10 mərhələnin üçünün qalibi bizim velosipedçilərimiz oldu. 2 mərhələdə Kiril Pozdnyakov, 1 mərhələdə isə Elçin Əsədov qalib adına yiyələndi. Eyni zamanda komandamızın üzvü Yosip Rumaç yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyinə yiyələndi. Mərakeş turu “Tour d’Azerbaidjan-2017” öncəsi komandamız üçün yaxşı hazırlıq idi.

Komandamız hazırda Sloveniyadadır, məşqlərini orada davam etdirirlər. Onlar Bakıya ayın 29-u gələcəklər. Fikrimcə, komandamız Bakıya gələnədək heyətimiz tam müəyyənləşəcək.

– Yarış ölkəmizdə və xaricdə hansı kanallar vasitəsilə  yayımlanacaq?

– Artıq bir neçə ildir ki, “Eurosport” telekanalı ölkəmizdə keçirilən bu yarışa böyük maraq göstərir. Hər il bu kanal vasitəsilə bizim yarış canlı və ya icmal şəkilində “Eurosport”un  efirində yayımlanır. Ötən il olduğu kimi, bu il də yarış icmal şəkilində yayımlanacaq. Kanal gün ərzində 12 dəqiqə olmaqla bir neçə dəfə icmallar təqdim edəcək. Bundan əlavə, yarış başa çatdıqdan sonra 5 mərhələnin hamısını əhatə edəcək geniş icmal da  “Eurosport” telekanalında yayımlanacaq.

Ölkəmizdə isə yarışın işıqlandırılmasını “CBC Sport”, İdman Azərbaycan və AzTV telekanalları öz üzərinə götürüb. Yarış hər üç kanalın efirində icmal şəkilində yer alacaq.

– Builki yarışdan gözləntiləriniz nədir?

– Sözsüz ki, komandamızdan uğurlu nəticə gözləyirik. Son iki ildə komanda hesabında “Tour d’Azerbaidjan” yarışının qalibi məhz biz olmuşuq. Düzdür, ötən illə müqayisədə bu il komandamızda müəyyən dəyişikliklər var, amma bu, heç bir əsas vermir ki, komandamızdan uğurlu nəticə gözləməyək. İdmandır, öncədən proqnoz verməyək. Ancaq idmançılarımız da bilirlər ki, bu yarış ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli bir yarışdır. Buna görə də uğurlu nəticələr əldə etməyə çalşacaqlar.

Sonda onu da qeyd edim ki, “Tour d’Azerbaidjan” yarışının təşkili təkcə Azərbaycan Velosiped İdmanı Federasiyasının işi deyil. Bu iş Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə federasiyamız tərəfindən təşkil olunur. Eyni zamanda bu işdə dövlət strukturları, icra hakimiyyətləri də bizə dəstək göstərir. Yarışın təşkilində bizə dəstək göstərən bütün nazriliklərə, təşkilatlara, dövlət sturukturlarına və bu işdə bizə əməyi keçən hər kəsə federasiyamız adından təşəkkürümüzü bildiririk.

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43