08 Sentyabr 2024
Kateqoriyasız

PFL jurnalistlərin qalmaqalına biganə qalmadı – BƏYANAT

Son günlər müxtəlif KİV-lərdə idman jurnalistləri Natiq Muxtarlı və Xəyal Azəroğlu arasında şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı tənqid və təhqirlərlə dolu olan yazılar yer alır. Türkiyənin aparıcı klublarından birinin Bakı fan-klubunun fəaliyyəti ilə bağlı yaranmış polemikadan doğan mübahisələr tərəflərin bir-birinə kəskin ittihamları ilə davam etmişdir. Sosial şəbəkələrdə bir-birinin şəxsiyyətini alçaltmaqdan, küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyən Natiq Muxtarlı və Xəyal Azəroğlunun bölüşdürə bilmədiyi fan-klub mübahisəsində üçüncü maraqlı tərəf kimi PFL-in prezidenti Ramin Musayevin adının hallandırılması isə jurnalist təxəyyülünün qərəzli münasibətindən başqa bir şey deyil.

«Ultraslan Azərbaycan» və toyuq oğruları, “Xoruz”luq etməyin, kişi olun!, Toyuğa xoruz cavabı… Bu, iki yazarın bir-birinə xitabən yazdığı yazıların başlıqlarıdır. Heç birində PFL, onun rəhbərliyi və ya fəaliyyəti haqqında bir kəlmə belə yoxdur. Belə olan halda Natiq Muxtarlının “…yazdıqları statuslardan, etdikləri hərəkətlərdən bəlli olur ki, bunların arxasında PFL prezidenti Ramin Musayev dayanır. Çünki mən həmişə onun fəaliyyətini tənqid edən yazılar yazıram…” iddiası nəyə əsaslanır? Və yaxud, bu yazılara nəinki münasibət bildirməyi lüzum görməyən, bu cür yazıları oxumayan Ramin Musayevin Natiq Muxtarlı və ya hər hansı bir digər şəxsə qarşı nə kimi münasibətindən söz gedə bilər?

Natiq Muxtarlı öz qələmi ilə qeyd edir ki, PFL prezidentini həmişə tənqid edir. PFL olaraq Natiq Muxtarlının bəzən hətta tənqid çərçivələrini aşan yazılarına münasibət göstərmək istəsək bunu dövlətimizin təməl dəyərlərindən olan demokratik, sivil yolla edərik. Polis orqanlarında, məhkəmədə və digər səlahiyyətli instansiyalarda öz hüququmuzu qorumağa, şər və böhtan yazılar yazmaqla ictimaiyyətin fikrini səhv istiqamətə yönəldən yazarların cavabını qanunun tələb etdiyi şəkildə verməyə həmişə hazırıq.

Yuxarıda qeyd olunan mübahisədə PFL-in prezidenti Ramin Musayevin adının hallandırılmasının, əsassız, böhtan dolu yazıların hansı məqsəd güddüyünü, Natiq Muxtarlının hansı əqidəyə, kimə qulluq etdiyini isə zaman göstərəcək. Unutmayın, yalan ayaq tutar, amma yeriməz!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43