“Sergey Zenyov vurmasaydı, bəlkə də, “Borussiya”nın futbolçusu fərqlənəcəkdi”
David Pietrzkieviç 1 illik fasilədən sonra bu yay “Qəbələ”yə qayıtdı. 2013/14 mövsümündə “qırmızı-qaralar”la çempionatın bürünc medallarını qazanan 27 yaşlı polşalı qapıçı dönüşündən sonra debütünü xeyli gözləməli oldu. Bu, Premyer Liqanın XI turu çərçivəsində “Kəpəz”lə keçirilən ev oyununa təsadüf etdi. Matçın 7-ci dəqiqəsində zədələnən ukraynalı həmkarı Dmitri Bezotosnını əvəzləyən David bununla da 21 aydan sonra yenidən əsas komandanın qapısını qorudu.
İdmanxeber.com-un məlumatına görə, Dortmundda, “Siqnal İduna Park”da keçirdiyimiz oyun isə onun qapıçı kimi, bəlkə də, ən çətin sınaqlarından idi. Əsas heyətə qayıdan David “Qəbələ İK”ya müsahibəsində əvvəlcə dönüşündən söz saldı.
“Qəbələ”yə minnətdaram…”
– 2013/14 mövsümünün sonunda ilə müqaviləm bitdi. Yeni anlaşmayla bağlı təklif almadığımdan Vətənə qayıtdım. Ancaq Polşada özümə klub tapa bilmədim. “Qəbələ”nin baş meneceri Zaur Əzizov yayda vəziyyətimlə maraqlandı və dedi ki, baş məşqçi Roman Qriqorçuk məni görmək istəyir. Yaxşı tanıdığım komandaya dönməklə bağlı təklifindən vaz keçə bilməzdim.
– Vətənində klub tapa bilməməyinə nə səbəb oldu?
– Açığı, Polşada 4 kluba keçə bilərdim. Bunlardan 3-ü yüksək liqa təmsilçisi idi. Ancaq şərtlər məni razı salmadığından həmin klublarla razılığa gələ bilmədik.
– Futbolsuz 1 il sənin üçün necə keçdi?
– Oynamasam da, hazırlığımı fərdi qaydada davam etdirirdim. Polşada yaşadığım Sanok şəhərinin “Stal” klubunda qapıçılarla birgə məşq edirdim. Aşağı liqada çıxış edən bu komandada vaxtilə oynamışdım. Əlbəttə, klubsuz qalmaq, yalnız məşqlərlə kifayətlənmək peşəkar qapıçıya əl vermir. Ancaq gələcəyi bilmək olmur. Bununla belə, ruhdan düşmür, inanırdım ki, vəziyyət yenidən yaxşılığa doğru dəyişəcək və güclü komandaya keçə biləcəyəm. Bu mənada “Qəbələ”dən gələn təklif yerinə düşdü.
“Bezotosnı həm yaxşı qapıçı, həm də yaxşı insandır”
– “Qəbələ”dən ayrı qaldığın 1 ildə komandadan kiminlə əlaqən vardı?
– Rafael Santos, tərcüməçimiz Məhəmməd Əzizli və masajçımız Namiq Hüseynovla mütəmadi danışırdım. Təbii ki, “Qəbələ”nin çıxışıyla maraqlanır, oyunlarını izləyirdim.
– Sənin vaxtındakı “Qəbələ” ilə indikini müqayisə edə bilərsənmi?
– Yuri Syominin dövründə də yaxşı futbolçularımız çox idi. Sadəcə, o zaman futbolçular fərdi planda daha çox seçilirdilər. İndi isə komanda halında güclüyük. Qriqorçuk taktikaya xüsusi diqqət yetirir. Bu, oyunlar zamanı yaxşı görünür.
– Əsas qapıçı Dmitri Bezotosnı, xüsusilə, Avropa Liqasında uğurlu çıxışıyla sözünü deyib. Bu amilə görə “Qəbələ”dən gələn təklifə cavab verməkdə tərəddün etmədin?
– “Qəbələ”yə güclü qapıçının olduğunu bilərək gəldim. Mənim üçün ən vacibi yaxşı tanıdığımiddialı komandaya gəlmək idi. “Qəbələ”də 2 qapıçı vardı – təcrübəli Dmitri Bezotosnı və gənc Andrey Popoviç. Aramızda gedən rəqabət həm komandanın, həm də özümüzün xeyrinədir. Bezotosnı haqda yalnız xoş sözlər deyə bilərəm. O, həm yaxşı qapıçı, həm də yaxşı insandır. Ümumiyyətlə, biz 3 qapıçı hər gün çox yaxşı ab-havada məşq edirik. Mənə oyun praktikası lazım idi.
“Avrokuboklarda debütümün Dortmundda olması mənə xoş oldu”
– Artıq bu imkanı əldə etmisən. Bezotosnı zədələnib sıradan çıxandan sonra 2 oyunda “çərçivə”ni qorumusan.
– Bezotosnının zədələnməsinə görə çox məyus oldum. Yaxşı formada olduğu bir vaxtda sıradan çıxması heç yerinə düşmədi. Ancaq futbolda zədədən heç kim sığortalanmayıb. Daim oynamaq istəsəm də, bu, həmişə alınmır. Əsas odur ki, futbolçu kimi üzərimə düşən işi görür, bunun ən yaxşı olmasına çalışıram.
– Necə düşünürsən, Dmitrinin olmadığı vaxtda əlinə düşən şansdan maksimum istifadə edə biləcəksən?
– Bu şansdan maksimum yararlanmaq üçün var-gücümlə çalışacağam. Özümə inamım böyükdür. Təbii ki, ehtiyatda oturmaq heç bir qapıçının ürəyincə deyil. Hamımız oynamaq istəsək də, qapıda 1 nəfər dayana bilər. Daim şansımı gözləyirdim və bilirdim ki, bu, mütləq olacaq.
– Avropa Liqasında debütün çox çətin oyuna təsadüf etdi. “Borussiya”nın meydanında, çılğın azarkeş kütləsi qarşısında oynamaq necə idi?
– Avroliqalarda ilk oyunumun “Borussiya” kimi adlı-sanlı rəqibə qarşı, həm də səfərdə olması mənim üçün xoş idi. Dortmunddakı matça yaxşı hazırlaşmışdım. Güclü rəqiblə oyunda mənə çox çətin olacağını yaxşı bilirdim. Özümü göstərmək istəyir, nəyə qadir olduğumu nümayiş etdirmək əzmindəydim. Məncə, oyunum pis alınmadı. Hər halda, “Borussiya”nın 90 dəqiqə ərzində yaratdığı çoxsaylı qol vəziyyətlərinin qarşısını almaq heç də asan deyildi. Taleyimə minnətdaram ki, mənə belə tarixi matçda oynamaq şansı verdi.
– Buraxdığın hansı qola görə daha çox üzüldün?
– İkinci qola. Çünki zərbəni qaytarsam da, top dirəyə dəydi və qapıdan keçdi. Həmin epizodda bəxtim gətirmədi. Üçüncü qola gəlincə, futbolda avtoqollar olur. Bilmək olmaz, Sergey Zenyov vurmasaydı, bəlkə də, “Borussiya”nın futbolçusu fərqlənəcəkdi. Son qolda isə rəqib futbolçunun güclü zərbəsini dəf etmək, demək olar, mümkün deyildi.
“Borussiya” onunla da güclü idi, onsuz da”
– “Borussiya”yla oyunda həmyerlin Lukaş Pişçekə rəqib oldun. Onunla söhbətləşmək imkanın oldumu?
– Əlbəttə. Onunla hələ Bakıdakı oyunda tanış olduq. Pişçek “Qəbələ”də polşalı futbolçu olduğunu bildikdən sonra mənimlə maraqlanıb. Lukaşla oyunlar haqda qısa söhbət etdik. O, “Qəbələ” haqda müsbət rəyə gəldiyini, yaxşı komanda olduğumuzu dedi. Onu da bildirdi ki, “Borussiya” kimi güclü rəqiblə matçlar həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün faydalıdır. Sonda qarşıdakı oyunlarda bizə uğurlar arzuladı.
– Onunla oyundan sonra formalarınızı dəyişdinizmi?
– Bunu Bakıda etdik. Dortmundakı matçdan sonra isə həmkarım Roman Vaydenfellerlə formalarımızı dəyişdik. Bu, həyatımın sonunadək mənim üçün ən yaxşı xatirə hədiyyələri olaraq qalacaq. Biri yerlimin, digəri Almaniya yığmasının heyətində dünya çempionu olan qapıçının forması. Dost-tanışlara göstərib deyəcəyəm ki, “Borussiya” ilə matçların iştirakçısı olmuşam.
– Bildiyimə görə, vaxtilə bu komandanın sabiq hücumçusu, yerlin Robert Levandovskiylə birgə oynamısan…
– Robertlə çoxdandır əlaqəm yoxdur. Onunla Polşanın U-19 yığmasında birgə oynamışam. “Borussiya” da əvvəl 3 yerlim vardı. Ancaq həm Roman, həm də Lukaş Blaşikovski indi başqa klublarda top qovur. Levandovski Avropanın ən yaxşı hücumçularından biridir. “Borussiya” onunla da güclü idi, onsuz da. Hazırda Levandovskinin yerində Pyer-Emerik Obameyanq oynayır.
“Qəbələ”nin qrupda çıxışı Polşada böyük maraqla qarşılanır”
– Ümumiyyətlə, “Qəbələ”nin Avropa Liqasında çıxışı Polşada necə qarşılanır?
– Böyük maraqla. Komandamız qrupa düşəndən sonra vətənimdə mənimlə daha çox maraqlanırlar. Jurnalistlər tez-tez zəng vurur, məndən müsahibə alırlar. “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə necə düşdüyünü, komandamızın səviyyəsi haqda çoxlu suallar verirlər.
– Qrupdan çıxmaq şansımız az da olsa qalır. Səncə, buna nail ola biləcəyikmi?
– İnanıram ki, “Qəbələ” pley-offa çıxacaq. Bu, realdır. Güclü komandamız, güclü baş məşqçimiz var. Qriqorçuk komandanı necə hazırlaşdırmaq lazım olduğunu yaxşı bilir. “Borussiya” qrupda sonadək qələbəyə oynayacaq. Düşünürəm ki, qalan 2 oyunda qalib gəlməklə 2-ci vəsiqəni biz qazanacağıq.
– Çempionatda son 4 oyunu öz meydanımızda keçirsək də, qalib gələ bilmədik. Bunun səbəbini nədə görürsən?
– Futbolda bu cür hallar olur. Həmin matçlarda bəxtimiz gətirmədi. Yaxşı oynadıq, çox hücumlar etdik, üstünlük bizim tərəfdə oldu. Ancaq təəssüf ki, son nöqtəni qoya bilmədik. Əminəm ki, bu vəziyyətdən çıxa, daha yaxşı oyun göstərə biləcəyik.