Kateqoriyasız

“Planlarımız pozuldu” – Samir Abasov

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun necə keçdiyini siz daha yaxşı gördünüz. Birinci hissədə yaxşı, hərəkətli oynayırdıq. Rəqibə boşluqlar, epizodlar vermədik. Baxmayaraq ki, hücumameyilli, yaxşı oyunçuları var. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimizi itirdik. Əvəzedicisi də yox idi. Bu, komandaya və planlara təsir edəcəkdi. Buraxılan qollarda da özünü göstərdi. Vurğun Hüseynov matçdan əvvəl zədələndi. Amma oyuna çıxdı və davam edə bilmədi. Planlarımız pozuldu. Rəqibin təzyiqi və başqa cür oyunu var idi. Biz qopduq. Muradı arxaya çəkdik və mərkəzi rəqibə verdik. Üç qol vurmaq “Zirə”nin səviyyəsini ortaya qoyur. Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmasa, oyunumuzu daha da yaxşılaşdıra bilərik. Yeni oyunçularımız da meydanda idi. Bu çempionatı tanımırlar. Başa düşürük. Ümid edirik ki, gələn oyunlarda daha yaxşı olarlar.

– Yeni transferlər özünü doğrultdu?

– Doğrtuldu. Üçünün də oyunun yaxşı alındı.

– Vurğun Hüseynovun durumu nə yerdədi?

Xoş deyil. Digər mərkəz müdafiəçimiz də uzun müddətə sıradan çıxıb. Ona görə də, Murad Xaçayevi çəkdik kənara. Hansı müddətə qədər olmayacaqsa, bizim üçün fəlakətdir. O mövqenin oyunçusu deyilsə, səhvlər olacaq. Həmin səhvləri də etdik. Bu gün kiminsə üstünə düşməyə dəyməz.

– Yeni transferlər gözlənilir?

– Xeyr.

– AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. Təhlükəli zonadasız. Hansı çatışmazlıqlar var ki, aradan qaldırmalısız?

– Bu, mayda baş verəcək. Ona qədər vaxtımız var. Oyunları udmalıyıq. Ən azından öz rəqiblərimizi udmalı və xallar götürməliyik. Bu gün Vurğunun zədələnməsindən sonra oyun tam dəyişdi. Amma biz iki hissəni də oynamalıyıq ki, xal götürək. Premyer Liqadan düşə də bilərik. Heç kim düşməyəcəyimizə zəmanət verməyib. Belə xallar itirəcəyiksə, düşə bilərik. Gənclərimiz çoxdur. Hamımız dərk etməliyik ki, yerimizi qorumalıyıq. Hamımız birlikdə çalışmalıyıq.

– Vurğun Hüseynov zədələnəndən sonra dəyişiklikdə səhvə yol verdiniz, yoxsa effekt vermədi? 

– Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən olmalıdır. Digəri də zədəlidirsə, problem yaşaya bilərsən. Dayaq yarımmüdafiəçisini müdafiəyə atdıq. Rüfəti də dayaq yarımmüdafiəçisi kimi oynatdıq. Ortada boşluqlar verdik, arxa da asan keçiləsi yer oldu. Birinci hissəyə diqqət etsəz, epizod vermədik. Amma sonradan üç qol buraxdıq. Çünki mərkəz müdafiəçisi yox idi, dayaq sağlam deyildi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43