18 Oktyabr 2024
Ölkə futbolu

“Potensiallı oyunçular olub ki, buna görə karyerası məhv olub” – Qurban Qurbanov

Azərbaycan Kubokunun 1/4 finalının “Qarabağ” – “Sabah” oyunundan (3:4) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Məğlub olduq, amma futbolçuları təbrik edirəm. Növbəti mərhələyə vəsiqə qazandıq. Qarşımızda fərqli komanda var idi. Oyunu istədiyimiz kimi idarə edə bilmədik. Azarkeşlər üçün də maraqlı oldu. “Sabah”a uğurlar arzu edirəm.

– Rotasiyalardan razı qaldınız?
– Bir çox futbolçuların oynamasına ehtiyac var idi. Diakabi və digərlərinə praktika lazımdır. Ümumən razı qaldıq. Düzdür, narazı qaldığım epizodlar oldu. 4 qol buraxdıq, müdafiədə problem görünürdü.

– “Sabah”la ardıcıl 3-cü dəfə oynayacaqsınız. Növbəti oyun fərqli heyət olacaq?
– Bugünkü heyətdən fərqli olacaq. Oyunun gedişatında rotasiyalara ehtiyac olsa, edəcəyik. İstərdim ki, oyunçularım sona qədər hər zaman meydanda olmağı bacarsın.

– Komandanın məşqçisi “Braqa” ilə oyunu izləyib. Ordan sizə hansı məlumatları gətirib?
– Analiz etdiklərimizi yaxından gördük. Digər kamera ilə çəkilən epizodlara baxdıq. Təcrübəli komanda ilə oynayacağıq.

– Diakabi getmək istəmir, yoxsa təklif yoxdur?
– Bu suala ən bəsit cavab müqaviləsinin yaya qədər olmasını deməkdir. Hər dəfə soruşulur, amma onun getməyi müzakirə mövzusu deyil. Bəzən az oynayan oyunçu olur ki, komandaya fayda verir.

– “Qarabağ” futbolçuların dəyərinin artmasına səbəb oldu və bu, ölkə futboluna fayda göstərdi. Qiymət artımı sizi narahat etmir?
– Ölkə futbolu adına sevinirəm. Kənardan maraqlananlar olur. Amma bəzi oyunçulara görə narahatam. Hər bir insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların həyat tərzinə əks-təsir edir. Amma bəziləri bunu peşəkar kimi qarşılayır, lakin elələri var ki, məşqlərinə belə təsir edir. Çünki qıraqdan məsləhət verənlər var. Potensiallı oyunçular olub ki, buna görə karyerası məhv olub. Bəzən kənardan gələn menecerlər təsir edir. Bir neçə oyunçuya görə narahat olmuşam, narahatlığım da özünü doğruldub. Sonda başa düşüblər ki, biz haqlıyıq. Burada hamının yaxşılığını istəyirik. Futbolçu qarşısına qoyur ki, legioner həyatı yaşasın, amma düzgün məsləhət lazımdır.

– “Qarabağ” bu mövsüm 4 “qırmızı” alıb. Sizi narahat etmir?
– Hər qırmızı vərəqəyə narahat oluram. Futbol kollektiv oyunudur, komandanı da düşünməlisən. Bəzən bəsit vərəqələr də olur, amma ümumən futbolçular diqqətli olmalıdır. Bu barədə fikirlərimi onlara bildirmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43