08 Sentyabr 2024
Ölkə futbolu

“Premyer Liqada oynayanlardan heç də zəif deyiləm” – “Karvan”ın futbolçusu

Azərbaycan I Liqasında çıxış edən “Karvan” klubu mövsümə Premyer Liqa hədəfi ilə başlayıb. Yevlax təmsilçisi hazırda 6-cı pillədə qərarlaşsa da, liderdən cəmi 4 xal geridədir. Bununla yanaşı, komanda Azərbaycan Kubokunda da yoluna davam edir.

“Karvan”ın liqadakı hədəfi və hazırkı durumu barədə komandanın aparıcı üzvlərindən olan Ruslan Voronsovla söhbət etdik. O, İdmanxeber.az saytına verdiyi açıqlamada klubdakı şəraitdən də söz açdı:

– Turnir cədvəlində 6-cı pillədə qərarlaşmısınız. Bu durumu necə şərh edirsən?

Liderdən cəmi 4 xal geridəyik. Heç nədən itirdiyimiz xallara görə 6-cı sıradayıq. Bu da yeni yaranan komanda olmağımızdan irəli gəlir. Hələ heyət bir-birinə yeni öyrəşməyə başlayıb. Çempionat uzundur, qarşıda çox oyunlar var. Qış fasiləsinə qədər turnir cədvəlindəki vəziyyəti düzəldəcəyik.

– “Karvan”da hədəf çempionluqdur. Səncə, klubdakı imkanlar, heyət səviyyəsi yetərlidir?

Bəli, komandamız güclüdür. Ayrı-ayrılıqda hamısı I Liqada oynamış, yetərincə təcrübəsi olan oyunçulardı. Ancaq əlavə futbolçular da gələ bilər. Ümid edirəm qış fasiləsində heyəti gücləndirəcək oyunçular gələr. Hədəfmiz mövsümün sonunda çempion olmaqdır. Bunun üçün var gücümüzlə çalışacağıq. Burada şərait də əladır. Heç I Liqada əksər klublarda belə imkanlar yoxdur. Oteldə qalırıq, qidalanma da yaxşıdır. Maaşlarda da heç bir problem yoxdur. 

– Komanda sanki ev oyunlarında yaxşı təsir bağışlamır. Bunun səbəbi nədir?

Qazonumuz yaxşı vəziyyətdə deyil. Bu da oynamağımıza mane olur. Yevlaxda oynayanda əziyyət çəkirik. Səfərdə düz meydançada isə daha fərqli çıxış edir komanda. Təəssüf ki, evdə həmin performansı sərgiləməyə meydan imkan vermir. 

– Azərbaycan Kubokunda “Sumqayıt”la üz-üzə gələcəksiniz. Sürpriz etməyi bacaracaqsınız?

Oyun çox çətin keçəcək. Amma asan təslim olmaq fikrimiz yoxdur. Kubok oyunları I Liqada çıxış edən futbolçulara şansdır. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Turu keçmək istəyirik. Çətin olacaq. Döyüşmək, can qoymaq lazımdır. Rəqib səviyyə baxımından bizdən üstün ola bilər, amma futbolda hər şey olur.

– I Liqada pis təsir bağışlamırsan. Bəs Premyer Liqaya gəlsən, həmin çıxışı edə bilərsən?

Hədəfim əsas çempionatda, milli komandada oynamaqdır. 28 yaşım var, Premyer Liqada oynayanlardan heç də zəif deyiləm. Buna gücümün olduğunu düşünürəm. Yaxın vaxtda Premyer Liqada oynayacağıma inanıram.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43