Azərbaycan Premyer Liqasının XII turu məhsuldar alınıb.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, baş tutan 4 qarşılaşmada qapılara 17 qol vurulub.
AZAL – “Qəbələ” (3:3) və “Bakı” – “Qarabağ” (2:4) görüşlərinin hərəsində 6, “İnter” – “Xəzər Lənkəran” (3:1) matçında 4 top qeydə alınıb. “Simurq” – “Neftçi” oyunu 1 qolla başa çatıb – 1:0. Sonuncular qol vurmayan yeganə komanda olub.
XII turda orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu isə mövsümün mütləq rekordudur. Son 11 mövsümə – 2004-2014-cü illərdəki çempionat oyunlarına nəzər salsaq, indiki göstərici 2-cidir.
Maraqlıdır ki, ən yüksək göstərici də XII tura təsadüf edib. 2013/2014 mövsümünün XII turunda 5 oyuna 22 qol vurulmuşdu. Həmin vaxt məhsuldarlıq 4,40-a bərabər olub. Bu oyunlar 2013-cü il noyabrın 1-3-də baş tutub. Həmin turda “Bakı” – “Simurq” (3:2), “İnter” – “Rəvan” (3:2), “Neftçi” – “Xəzər Lənkəran” (4:1), “Sumqayıt” – AZAL (0:0) və “Qarabağ” – “Qəbələ” (4:3) qarşılaşmaları keçirilib.