23 Dekabr 2024
Ölkə futbolu

“Problemin kökü AFFA-dan qaynaqlanır” – Tahir Süleymanov

Sabiq FİFA referesi Tahir Süleymanovun idmanxeber.az saytına müsahibəsi

-Tahir bəy, Misli Premyer Liqasındakı hakim səhvləri barədə fikirləriniz maraqlıdır…

-İstənilən sahədə fikirlərin bildirilməsi geniş təhlillər tələb edir. Hakim idarəçiliyi problemləri kütləvi hal alırsa, bir səhvin, epizodun müzakirəsi deyil, məsələyə daha əhatəli yanaşılmalıdır. Epizodik məqamlar baş verdikdə, fərdi olaraq hansısa hakimə aid olur, kütləvidirsə, bu, artıq sistem problemi, Hakimlər Komitəsində ümumi rəhbərlik nöqsanlarıdir. Məşqçilərin, azarkeşlərin narazılığı, məcburiyyətdən Barış Şimşekin etirafları, “səhərə kimi yatmaması” qeyd olunanlara əyani sübutdur. Problemin kökü AFFA-dan qaynaqlanır.

-Ümumiyyətlə, Hakimlər Komitəsinin rəhbərinin əcnəbi olmasını necə şərh edirsiniz?

-İstənilən sahədə peşəkarlıq öndə olmalıdır. Əcnəbi və ya yerli, əsas, insanlıqla yanaşı, bacarıqlı rəhbər olmaqdır. Xarici mütəxəssis gətirilibsə, tələb, keyfiyyət yerlilərə baxanda müqayəsəolunmaz dərəcədə daha yüksəkdə durmalı, aldıqları məvacibə uyğun özünü göstərməlidir. Görünən odur ki, 5 ildir əcnəbilərə üstünlük verən federasiya heç bir irəliləyişə nail olmayıb. Əksinə, əvvəl avstriyalı Stuxlik, indi də Barış Şimşək, bu sahədə heç bir dönüş yarada bilməyib. İlk öncə günah, onlara üstünlük verən AFFA rəhbərliyində, seçimləri edən baş katiblikdədir. Ümumi futbol idarəçiliyində dönüş yaradılmayana qədər belə də davam edəcək.

-Son turdakı hakim səhvlərini dəyərləndirərdiniz. Klublardan da ciddi narazılıqlar var…

-Yuxarıda qeyd etdiyim kimi, problem bir oyunla, epizodla əlaqəli deyil. Sadəcə son turda haqlı etirazlar məsələnin hansı həddə olduğunun əyani göstəricisidir. Barış Şimşekin bəxti onda gətirib ki, çempionluq uğrunda, ilk pillələrdə mübarizə demək olar yoxdur. İlk pillə ilə 3-cü yer arasında 20 xallıq fərq var. Ümumiyyətlə, ilk “5-lik”də ayrı-ayrılıqda komandalar arasında xal fərqi çoxdur. Autsayderlərin rəqabətini nizamlaya bilməyənlər, təsəvvür edin, liderlər arasında kritik mübarizə getsə idi, hansı vəziyyətə düşərdilər.

-Ən çox müzakirə olunan məsələ: VAR var, yoxsa yoxdu?

-VAR sistemi dünya futbolunda birmənalı qarşılanmır. Müəyyən mənada obyektivliyin təminatçısı rolunu oynasa da, futbolda dinamikanı, tribunada müsbət emosiyanı “öldürüb”. İstənilən halda insan faktoru yenə də ön sıradadır. Bununla yanaşı, VAR meydanda olan referinin məsuliyyətini həm azaldıb, həm də psixoloji olaraq təzyiq altında saxlayır. Hakimlər briqadası ilə VAR otağı arasında sinxronluq hər oyunda təmin edilə bilmir. Epizodlara fərqli yanaşmalar, VAR-n bəzi epizodlarda köməyilə yanaşı yersiz müdaxilələri də yetərincədir. Bu da sonda xaosa, meydanda futbolçu, məşqçilərin çaşqınlığına, narazılığına səbəb olur. Barış Şimşek VAR təlimatçısıdır, ən azından, bu sahədə problem az olmalı idi. Startda VAR sisteminin yeni tətbiq edildiyi önə çəkilirdisə, artıq finişə yaxınlaşılır. Uyğunlaşma bitmək əvəzinə, nöqsanlar pik həddə yaxınlaşıb. Türkiyəli mütəxəssisin son açıqlaması pedaqoji baxımdan, ümumiyyətlə, qəbuledilməzdir. Gənc hakimə qarşı “ailəsi ilə otursun evdə” tipli ifadələr işlətmək nəinki, doğru deyil, onları “sındırmaq” deməkdir. Ona görə sizi Azərbaycana dəvət ediblər ki, onları öyrədəsiniz. Öz idarəçilik səhvlərini gənclərin üzərinə atmaq yolverilməzdir. Azərbaycanda hakimlik məktəbi hər zaman güclü olub, istedadlarımız yetərincədir. Onların inkişafını təmin etmək gərəkdir!

Xəyal Hüseynov

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43