Milli komanda

Prosineçki: “Onu milliyə çağırsam, gərək çempionatı dayandıraq”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

– İzlədiyiniz bu oyunla bağlı nə deyərdiniz?

– Ümumi götürsək, oyundan razı qalmadım. Hiss olunurdu ki, “Zirə” 1 xal üçün oynayırdı. Çünki tam bacarığını meydanda göstərmirdi. “Neftçi”də isə böhran hiss olunurdu.

– Nədən narazı qaldınız? Hesabdan, yoxsa futbolçuların çıxışından?

– Həm futbolçuların çıxışından, həm də hesabdan narazıyam.

– Son zamanlar Ruslan Qurbanov çox tənqid olunur. Bu futbolçunun oyunu sizi necə, qane edir?

– Bu oyunda təkcə Ruslandan yox, bütün komandadan narazı qaldım. Deməzdim ki, təkcə onun oyunu alınmadı. Bütün komanda istənilən səviyyədə çıxış etmədi. Komandalar öz potensiallarına uyğun oyun sərgiləmir. Amma mövsümün sonuna bir neçə oyun qalıb. Gələn həftə bizi Azərbaycan kubokunun yarımfinal qarşılaşmaları gözləyir. Bu matçların maraqlı keçəcəyini gözləyirəm. Bu tur “Qəbələ”ni də izləmişəm. Düzdür, qalib gəldi. Amma nəzərə alsaq ki, “Xəzər Lənkəran”a qarşı oynayırdı, tam potensialını ortaya qoya bilmədi. “Qəbələ”dən daha yaxşı oyun gözləyirdim. Mövsümün qalan oyunlarının daha yaxşı keçəcəyini ümid edirik.

– Azərbaycan yığmasında çıxış edən futbolçuların zəif təsir bağışlamağının səbəbini nədə görürsünüz? Ola bilərmi, mövsümün sonu ilə əlaqədar futbolçularda yorğunluq yaranıb.

– Məncə, bunu yorğunluqla əlaqələndirmək olmaz. Onlar həftədə cəmi  bir oyun keçirirlər. Nəyə görə yorğun olsunlar ki? Avropada həftədə 2 dəfə meydana çıxırlar.

– Avstriya toplanışı zamanı millidə yeni ad görə bilərik?

– Kim var? Mən bilmirəm, baxarıq. Cavabını özünüz bilirsiniz. Bu sualı niyə verirsiniz?

– Millinin Makedoniya və Kanada ilə yoxlama görüşləri keçirəcəyi dəqiqləşib. Bəs üçüncü rəqib kim ola bilər.

– Kanada ilə oyun maraqlı olacaq. Makedoniya da güclü komandadır. Amma Avstriyada ilk yoxlama matçımızı mayın 26-da keçirəcəyik. Hələ o rəqib bilinmir. Hazırda ad çəkmək istəməzdim, danışıqlar aparırıq.

– Yığmada hücumçu problemini Almaniyada çıxış edən Rüfət Dadaşovun hesabına aradan qaldırmaq olar?

– Dadaşov 5-ci liqada oynayır. Onu çağırsam, gərək çempionatı dayandıraq, futbol oynamasınlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43