Ölkə futbolu

“Qəbələ”də yeni məşqçi

“Qəbələ” klubunun məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olub.

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-2005), “Şüvəlan” (2005-2006, 2011-2013, 2015-2016), “Turan” (2006-2007), “Bakı” (2007), “Masallı” (2007-2008), MOİK (2008), “Standard” (2008-2009), “Muğan” (2009-2011), “Simurq” (2013-2015) və “Zaqatala” (2016-2018) klublarında çıxış edib. O, 2004-2005-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.

Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub.

Qeyd edək ki, A.Ağacanov “Qəbələ” klubuna gələnə qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. O, həmçinin qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43